Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Naxçıvana rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olub.
İkitərəfli görüşdə universitetin rektoru Elbrus İsayev hər iki ölkə arasındakı qardaşlıq münasibətlərinin elmə, təhsilə müsbət təsirindən danışıb.
E.İsayev universitetin maddi-texniki bazası, müasir tədris üsulları, fakültələri və mövcud ixtisasları haqda ətraflı məlumat verib. Ali təhsil ocağının beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlara diqqət çəkən rektor Türkiyənin 80-dən çox ali təhsil ocağı ilə qurulmuş əlaqələrin müsbət perspektivlərindən danışıb. Türkiyə ilə imzalanan ikili diplom layihələrinin əhəmiyyətini vurğulayan E.İsayev universitetdə təməli qoyulan Texnopark layihəsindən də bəhs edib, bu sahədə qardaş ölkənin təcrübəsinin mühüm əhəmiyyətə malik olacağını diqqətə çatdırıb. Bildirilib ki, NDU-da tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Türkiyə universitetlərinin təcrübəsindən geniş istifadə olunur.
Səfir Cahit Bağçı ali təhsil ocağında olmaqdan məmnunluğunu ifadə edib, birgə təcrübələr, ortaq yayımlar, elmi araşdırmaların əhəmiyyətindən danışıb. Bildirilib ki, universitetləri uğura aparan yolun təməlində ortaq yayımlar, elmi araşdırmalar əsas yer tutur. Diplomat iki ölkənin universitetləri arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu söyləyib.
Qeyd edək ki, görüşdə Türkiyənin Naxçıvandakı Baş Konsulu Məhmət Emin Kiraz da iştirak edib.