Azərbaycan Texnologiya Universiteti (UTECA) və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə gənc tədqiqatçı-mühəndislərin “Mühəndislik elmlərində innovativ texnologiyalar” mövzusunda I elmi-texniki konfransı keçirilib.

 

AzTU-nun Mühəndis fizikası və elektronika kafedrasının müdiri, professor Eldar Qocayev və UTECA-nın Ümumi və tətbiqi fizika kafedrasının müdiri, professor Məntiq Cəfərov konfransın əhəmiyyətindən bəhs ediblər.

 

AzTU rektorunun müşaviri İlham Pirməmmədov da mövcud şəraitdə gənc tədqiqatçıları stimullaşdırmaq və elmi-tədqiqat işlərini nəşr etdirmək məqsədilə belə bir konfransın keçirilməsinin təqdirəlayiq addım olduğunu bildirib.

 

Tədbirdə qeyd olunub ki, konfrans AzTU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) təklifi əsasında təşkil edilib. TEC-in sədri Qadir Qafarov vurğulayıb ki, tələbələrin və gənc tədqiqatçıların bu cür konfranslarda iştirakını təmin etmək elmi cəmiyyətin iş planında qeyd olunan əsas məsələlərdəndir.

 

Tədbirdə UTECA nümayəndələri mövzu ətrafında çıxış ediblər.

 

Qeyd edək ki, konfransa dörd bölmə üzrə 71 tezis təqdim olunub.