Naxçıvan Dövlət Universiteti tibb fakültəsinin istehsalat təcrübəsinin yekun konfransı keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev təcrübələrin yeni standartlar və tədris planları əsasında həyata keçirildiyini qeyd edib. Rektor təcrübi dərslərin keçirilməsi üçün fakültənin bazasında mövcud olan laborator imkanlardan danışıb. Vurğulayıb ki, fakültədə nəzəri biliklərin öyrənilməsi ilə bərabər təcrübi dərslərin keçirilməsi üçün də müasir şərait mövcuddur.

 

“Tibb fakültəsinin nüfuzu ildən-ilə artmalıdır” -deyən E. İsayev xarici ölkələrlə, xüsusən də qardaş Türkiyə ilə təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, hər il tibb fakültəsinin müəllim-tələbə kollektivi Türkiyədə təcrübədə olur və gələcək peşə təcrübəsində uğurlu nəticə əldə edir. Rektor fakültənin gələcək perspektivlərindən danışıb, tələbələri yaradılan şəraitdən hərtərəfli bəhrələnməyə çağırıb.

 

Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva, Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov tələbələrin istehsalat təcrübəsində qazandığı biliklərin və muxtar respublikanın xəstəxanalarında, universitet klinikasında, özəl stomatoloji klinikalarda keçirilən təcrübi dərslərin onların ixtisaslı həkim kimi formalaşmasında xüsusi rola malik olduğunu bildiriblər.  

 

Sonra istehsalat təcrübəsində olmuş qruplar üzrə tələbələrin hesabatları dinlənilib.

 

Müvafiq ixtisaslar üzrə  əməliyyat prosesi, müayinə, müalicə metodları ilə tanış olan tələbələr  slaydlar vasitəsilə təqdimat ediblər.