Qazi müəllim Murad Feyziyev: “Müharibədən qalan izləri fəxrlə daşıyacağam”
Yaşı elə də çox deyil, 1991-ci il mayın 20-də anadan olub. Ancaq cəsarəti, qəhrəmanlığı, ən önəmlisi, vətənpərvərliyi ilə elində-obasında hörmət və ehtiramla göstərilir. Öyrətməyə olan marağı, ətrafındakılara fikrini qəbul etdirmə bacarığı, liderlik xüsusiyyətləri isə onu hərbi rəhbər - müəllim kimi məşhurlaşdırıb. Söhbət Salyanda 6 nömrəli tam orta məktəbdə hərbi rəhbər, baş leytenant, Vətən müharibəsi qəhrəmanı Murad Feyziyevdən gedir. O Murad Feyziyevdən ki, 3 dəfə yaralanıb, ancaq alın yazısına baxın ki, Vətən müharibəsinin ən çətin və ən şərəfli əməliyyatlarında iştirak edib. Döyüş yolu ermənilərin çox güvəndiyi, alınmaz qala hesab elədiyi məşhur “Betonluğ”un alınmasından tutmuş Şuşaya qədər uzanıb. Ötən həftə ölkəmizdə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 illiyi qeyd edilib.
Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirən hərbi qulluqçuların bir qismini təltif edib. “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilənlərdən biri də Murad müəllim olub. Bununla da Füzulinin və Qubadlının işğaldan azad edilməsinə görə təltif edilən, “Cəsur döyüşçü” medallı zabitin qəhrəmanlığını dəyərləndirən medalların sayı 4-ə çatıb.
4 medallı qəhrəman Azərbaycan müəllimi həm də çox maraqlı müsahibdir. Oxucularımızı “Qarabağ gündəliyi”ndə Murad Feyziyevin insanı gah gülümsətən, gah da kövrək, ancaq qürur verən xatirələrə sürükləyən müsahibəsi ilə baş-başa buraxırıq:
Nəslimizdə ilk oxuyan mən oldum
- Salyan şəhərində doğulub, burada böyümüşəm. 3 nömrəli (indiki 2 nömrəli) tam orta məktəbi bitirmişəm. Əlaçıydım, məktəbə ayaq basdığım ildən düz məzun olana qədər şəklim “Şərəf lövhəsi”ndə olub. Sonra məktəbi bitirib universitetə daxil oldum. Bakı Slavyan Universitetində Rus dili və Ədəbiyyatı ixtisası üzrə təhsil aldım. Nəslimizdə ilk universitet oxuyan mən oldum.
Rus dili müəllimi yox, hərbi rəhbər oldu
- İkinci kursda oxuyarkən qərar verdim ki, həqiqi hərbi xidmətə əsgər kimi yox, zabit kimi gedəcəyəm. Çünki liderlik xüsusiyyətimin olduğunu hiss edirdim. 20-25 nəfəri idarə edə biləcək potensialı görürdüm özümdə.
2013-cü ildə həqiqi hərbi xidmətə başlayanda imtahan verib zabit kursuna qəbul olundum. Kursu uğurla başa vurub Goranboyda - cəbhə bölgəsində xidmətə başladım. 2014-cü il avqust döyüşlərində iştirak etdim.
Tağım komandiri kimi fəaliyyətim hərbi xidmət dövründə diqqət çəkdi. Xüsusi təyinatlı qüvvələrdə xidmət üçün seçildim, amma ailəm razı olmadı. Anam qarşıma elə şərtlər qoydu, elə sözlər dedi ki, o sözləri deyilməmiş kimi qəbul etmək mümkün deyildi. Hərbidə qalmaq üçün başqa şanslarım da oldu. Goranboyda hərbi hissənin idman xidməti rəisi təklif etdi ki, hərbi hissədə qalım. O təqaüdə çıxdıqdan sonra həmin vəzifəyə ən real namizəd olduğumu söylədi. Bir sözlə, hərbçi kimi qalmağım üçün səbəbim çox idi. Amma mane olan səbəblərim də vardı. Qardaşım I qrup əlildi. Onun mənə ehtiyacı var. Əgər həyatıma hərbçi kimi davam etsəydim, qardaşımın yanında ola bilməyəcəkdim.
2015-ci ildə xidmətimi başa vurub evimizə qayıtdım.
Müəllimlikdə ilk addımlar
- Arzum hərbi rəhbər işləmək idi. İki arzumu birləşdirə bilərdim bununla. Həm məktəblilərlə işləyəcək, həm də hərb sənətinə olan həvəs və marağımı təmin edəcəkdim. Bu barədə rayon icra başçısına xahişlə müraciət etdim. İdmanda və hərbi xidmət zamanı əldə etdiyim uğurları, avqust döyüşlərində iştirakımı əsas gətirib hərbi rəhbər işləmək arzumu əsaslandırdım. O da müraciətimə müsbət baxdı və qısa zamanda, 2016-cı ilin sentyabrından 6 nömrəli tam orta məktəbdə hərbi rəhbər kimi fəaliyyətə başladım. Həmin tədris ilində diaqnostik qiymətləndirmə aparıldı. Bu barədə eşidəndə əvvəlcə narahat oldum. Heç bir hazırlığım olmadan test imtahanında uğur qazana bilməməkdən qorxurdum. Hazırlıqsız diaqnostik qiymətləndirməyə girdim və 30 bal yığdım. Nəinki müəllimliyə davam etdim, hətta 2019-cu ildə ən aktiv müəllim kimi təltif olundum.
Kim sevirsə idmanı...
- İdman hələ məktəbdən sevimli məşğuliyyətim idi. Şahmat, kinq-boks, futbol həvəskarıydım. Birindən çıxıb o birinə gedirdim. Valideynlərim oxumağımı istədikləri üçün idmanla məşğul olmağımın əleyhinə idilər. Elə düşünürdülər ki, idman və başqa məşğuliyyətlər oxumağıma mane olacaq. Ancaq mən valideynlərimin müqavimətinə baxmayaraq, sevdiyim idman növləriylə məşğul olmağa da, dərs oxumağa da vaxt tapırdım. Xüsusən, kinq-boks üzrə rayon birincisiyəm. Universitetdən sonra isə rayonumuzda boks üzrə mərkəz açmaq istəyirdim. Bunun üçün müəllim işləyə-işləyə həftədə 3 dəfə Bakıya gedib, məşq edib geri qayıdırdım. Əvvəlcə “Dinamo” İdman Cəmiyyətinə, sonra “Qızıl əlcək” Boks Cəmiyyətinə getdim. Beynəlxalq yarışlara qatılmaq, qələbə qazanaraq lisenziya almaq istəyirdim. Ancaq məşqlərimizdən birində biləyimi zədələyərək bu xəyallarımın üstündən xətt çəkdim.
Müəllimliyə başlayandan sonra isə şahmat üzrə fəaliyyətimi genişləndirdim. Şahmatçı uşaqlar yetişdirməyə başladım. I qrup əlil qardaşıma da şahmat oynamağı mən öyrətmişəm. İndi Hümmət şahmat üzrə rayon birincisidi.
Anam futbol həvəskarı, atam tennis ustasıdır. Tennisi mən də yaxşı oynayıram. Oyunları izləyərək qısa müddətdə tennisi də öyrəndim və peşəkar tennislə məşğul olanlara belə qalib gəldim. Məktəbimizdə tennis həvəskarları var. Bu idman növü üçün də şərait yaratdıq və tennis həvəskarlarını topladıq. Məktəbimiz 10-12 ilin məktəbidi. Şəraiti yaxşıdır. Ancaq məktəbimiz mən burda müəllim işləyəndən sonra fəallaşıb. Əvvəllər adı olmayan, kənar qəsəbə məktəbi sayılırdı. Artıq bütün idman növlərində təmsil olunur və iştirakçısı olduğumuz yarışların əksəriyyətində qalib gəlirik. Qələbələrimiz, mükafatlarımız, hətta kubokumuz belə var.
Məktəbimizdə qısa müddət içərisində voleybol komandası da qurmuşuq.
Çağırış
- O gün mənim üçün çox ağır gün idi. Yetirmələrimdən biri Səyyad Mövsümovu torpağa tapşırıb qayıtmışdım evə. Müharibə başlayandan bəri Səyyad rayonumuzun üçüncü şəhidiydi. O gün özüm də çağırış aldım. Dərhal hazırlaşdım və gecəylə yığışdıq. Bütün zabitlər yığışmışdı. Şəhid olan zabitlərin yerinə gedirdik. Məni də tağım komandiri göndərdilər. Ordumuz xeyli irəliləmişdi. Yenə Azərbaycan torpaqlarındaydıq, ancaq illərdir görmədiyimiz, işğal altında olan ərazilərimizdəydik. Ermənilər çox yüksək səviyyədə təmin olunmuşdular. Postlarını aldıqca malik olduqları imkanları görüb təəccüblənməmək mümkün deyildi. Biz meşələrlə, ən çətin yollarla kilometrlərlə məsafə qət edib, ermənilərin arxalarına keçdik, Xocavəndi, Hadrutu alıb sonra betonluq deyilən mövqeləri ələ keçirdik.
“Başımı bağlayın, cəbhəyə qayıdıram!”
- Oktyabrın 12-də qruplar şəklində irəliləyir, dağıdılmış evlərin yarımçıq divarları arxasında gizlənməyə çalışırdıq. Daldalandığım həmin divarı da mərmi dağıtdı, dağıntıların altında qaldım. Başımda kaska, əynimdə zirehli geyim, yanımda da “Hadrut qartalı” kimi tanınan Camal olmasaydı, oradan sağ çıxmaq ehtimalım yoxuydu. Kömək gələnə qədər Camal məni danışdırdı, daha təhlükəsiz yerə keçirdi. Kaskanın qorumadığı yerdən başım partlamışdı. Qollarımda, ayağımda yaralar vardı. Xüsusi təyinatlılar məni arxaya apardılar. Ancaq orada çox dayanmadım. “Başımı bağlayın, cəbhəyə qayıdıram” dedim. Məni orada gözləyirdi əsgərlərim. Yaxşi ki, qayıtdım. Qayıtmağım ruh yüksəkliyi yaratdı. Sonra Qubadlının 6 kəndi uğrunda döyüşdük. Qələbələrimiz davam etdi. Xüsusi təyinatlı qüvvələr Hadrutu aldıqdan sonra hücum briqadası olsaq da, şəhərin müdafiəsi bizə tapşırıldı.
50 kilo yüklə 40 kilometr
- Tuğ kəndinə girəndə günortaydı. Dedilər, növbəti əməliyyat səhərisi olacaq və bizə həmin günün ikinci yarısında dincəlmək imkanı verdilər. Yaxşı dincələndən sonra Şuşaya doğru hərəkətə başladıq. Daşaltı və Şuşa əməliyyatlarında biz də Tehran Mənsimovun əmrinə verildik. Belimizdə 50 kilo yüklə meşələrlə, bilinməyən cığırlarla, dağlarla 40 kilometr irəlilədik. Çox yorulmuşduq. Polkovnik Tehran Mənsimov bizimlə söhbət apardı. İnsanın içərisindəki vətənpərvərlik hisslərini alovlandıran səsiylə, sözləriylə döyüş ruhumuzu daha da qaldırdı.
Şəhid olsam...
- Bizi gözləyən əməliyyat hər birimiz üçün ölüm demək idi. Bu səbəbdən yenicə uşağı olan döyüşçümüzü də əməliyyatdan çıxartdıq. Ümumiyyətlə, bu əməliyyatın hər bir iştirakçısı xüsusi seçildi. 50 nəfər arasından 15 nəfər seçib bir qrup təşkil edilirdi. Seçilənlərin çəkisi, cəldliyi, sağlamlığı nəzərə alınırdı. Çünki Daşaltı və Şuşa əməliyyatı cəldlik tələb edirdi. Bir saniyəlik ləngimə şəhid demək idi. İtburnu kollarıyla fırlanacaq, özümüzü qoruya-qoruya irəliləyəcəkdik. Bu hücum əməliyyatında iştirak hər birimiz üçün təhlükəli olduğu qədər şərəfliydi. Qayıdacağımıza inanmadığımız üçün hər birimiz gedərkən biri-birimizlə halallaşdıq. Məktəbimizdə fiziki hazırlıqdan dərs deyən Rafiq müəllimlə yaxın münasibətimiz olduğu üçün onun nömrəsini döyüşçü dostuma verdim ki, şəhid olsam, xəbərimi məhz ona çatdırsın. İkimizin də gözlərimiz doldu. Çox ağır anlarıydı...
Daşaltı əməliyyatı: Təbriz Xəlilbəylinin də qisasını aldıq
- Əməliyyat başlandı. 3 istiqamətdə hərəkət edəcək, Daşaltını mühasirəyə alacaqdıq. Daşaltı meşələrindən keçib qayalıqların altında olan kəndi görənə qədər uzun, təhlükəli yol keçdik. Daşaltı Şuşa əməliyyatı üçün çox önəmliydi. Xüsusən, bizim iştirak etdiyimiz təpə uğrunda döyüşün taleyindən çox şey asılı idı. Az qala hər iki əməliyyatı təhlükəyə atacaq pusquya düşdük. Meşədən açıqlığa çıxacaqdıq. Sən demə, düşmən bizi görürmüş. Snayperimiz Cəbiyevdə gecəgörmə cihazı vardı. Onun sayəsində açıqlıqda bizi gözləyən təhlükədən əvvəlcədən xəbər tutduq. Çıxmağımızı gözləyən düşmən də gecikdiyimizi görüb duyuq düşdü və olduğumuz yeri güllə yağışına tutdu. RPQ mərmiləri, tank güllələri üstümüzə yağış kimi yağırdı. 7 nəfərlə birlikdə saatlarla dayanmadan döyüşdük. O döyüşdə 4 uşaqlı ata olan qubalı bir silahdaşımızı itirdik. Erməni snayperi onu alnından vurdu. Hamımızın silahı bitmişdi, arxadan dəstək çatdı. Birnəfəsə qaçaraq bizə güllə çatdıran əsgər Hüseynov həyatımızı da, əməliyyatın taleyini də xilas etdi. Daşaltına sağdan və ortadan hücum mövqeyimizi tutub sol tərəfə yönəldik. Burada da mövqeyimizi müəyyənləşdirdikdən sonra mühasirəni tamamlayacaq və hücum üçün hazır olacaqdıq. Daşaltı ilə bağlı ən dəhşətli xatirələrimdən biri məhz orada, sol tərəfə hərəkət edərkən yaşandı. Tank əleyhinə minanın üstünə piyada əleyhinə mina basdırmışdılar. Biri-birinin ardınca 5 mina partladı. O səslər indi də qulağımdadı. Uğultu, ətrafı bürüyən toz-duman, qulaqbatıran inilti, hərənin bir tərəfə düşməsi, qulaq batıran qışqırıqlar... Bir dostumu xilas etməyə getdik, üstündə başqasının ayağı vardı. Ayağı görüb elə bağırırdı ki, onun deyil, başqasının ayağı olduğunu başa salana qədər sakitləşdirə bilmədik. Ayağı kəsilən döyüşçü dostumuzun isə nə illah etdiksə, qanaxmasını saxlaya bilmədik. O da şəhid oldu. Son nəfəsinə qədər ancaq anasından danışdı şəhid qardaşımız. Səsi, sözləri indi də qulağımdadı. Partlayış səsi eşidən kimi üzünü qoruyan, üzünə həssaslığı olan dostumuzun isə o gün üzü yandı. Başqa bir silahdaşımızın gözü çıxdı. Bir sözlə, cəmi 10 nəfər ordan tam salamat qurtara bildi. 5 nəfər şəhid oldu, qalan hamı yaralandı. Məcbur olub hücumu dayandırdıq, əvvəlcə yaralılarımızı geriyə qaytardıq. Onları necə geri qaytardığımız isə ayrıca bir dəhşətdir. Yenidən minaya düşməmək üçün torpağı dizimiz yerdə, əlimizlə yoxlaya-yoxlaya, mina axtara-axtara irəlilədik. Yaralılarımızın hamısını sağ-salamat arxaya çatdırıb sonra hücumu davam etdirdik. Daşaltına girib kənddəki bir erməni silahlısını belə sağ buraxmadıq.Beləcə, həm Daşaltı uğrunda gedən 10 saata yaxın döyüşdə itirdiyimiz qardaşlarımızın, həm də məşhur şairimiz Xəli Rza Ulutürkün qəhrəman oğlu, Daşaltı şəhidimiz Təbriz Xəlilbəylinin qisasını aldıq.
Şuşa əməliyyatı
- Noyabrın 7-də Şuşa mühasirədə idi. Şuşaya qədər uzun, yorucu bir yol gəlmişdik. Burada artilleriyadan istifadə etmədik. Küçə döyüşləri getdi Şuşada, sözün əsl mənasında. RPQ7-lə tanklarını ya sepindən, ya da lüləyindən vurur, tankın arxasına gizlənən piyadaları isə öldürürdük. Şuşada 500-ə yaxın erməni öldürdük.
Artıq elə alışmışdıq ki, partlayış səsi eşidəndə heç əyilmirdik də. Amma Şuşada əsl döyüş oldu, döyüşçülərimiz əsl qəhrəmanlıq nümayiş etdirdi.
Yaralıları aparan maşın vuruldu
- Növbəti əməliyyat Xankəndinə gedən yolun bağlanması idi. Əməliyyata başladıq. Bir az sonra səsindən anladım ki, artilleriya yaxınlaşır. Yerimi dəyişib təpənin o biri tərəfinə keçməyimlə həmin yeri vurdular. Meşəlik olduğundan yanğın başladı. Zərbənin təsiri ilə ağaca çırpılmışdım. Özümə gələndə ayaqlarımda istiliyi hiss etdim. Sən demə, çəkmələrim yanırmış. Ayaqqabıları çıxaranda gördüm ki, corab ayağıma yapışıb. Qopartmaq istəyərkən pəncəmin dərisi corabla birlikdə soyuldu. Əlimə isə qəlpələr girmişdi. Xüsusi təyinatlılar bizi oradan uzaqlaşdırdılar, maşına qoyub məntəqəyə göndərdilər. Məntəqəyə 200 metr qalmış bu dəfə də bizi aparan maşın vuruldu. Sağ əlim zədələndi. Müharibənin son günlərində artıq fosforlu silahlardan daha çox istifadə edirdilər. Ona görə əlimin vəziyyəti getdikcə pisləşdi, infeksiya başladı. Çirklənmə əlimi sıradan çıxarırdı. Onda həkimlər ikinci və beşinci barmağımın dırnaqlarını çıxartdılar. Digər zədə və yaralarım bir yana oldu, dırnaqlarım bir yana.
İlk ermənini öldürəndə...
- İlk ermənini yaxın məsafədən Füzulidə öldürdüm. Müharibə dövründə qarşı-qarşıya gələrək öldürdüyüm erməninin sayı ümumilikdə 28 oldu. Onların təqribən 14-15 nəfərini Daşaltı və Şuşa əməliyyatlarında, 4-5-ni isə Füzulidə öldürmüşəm. Adam öldürmək asan deyil. Gözlərinin önündə tanıdığın, sevdiyin insanların ölümünü görmək isə erməni öldürməkdən daha çətindi. Xüsusən, müharibədəki dostluqlar tamamilə fərqli olur. Normal şəraitdə illərin dostundan daha yaxın olur müharibədəki dostlar. Məhz o cür dostların tikəsini yığmağa çalışmaq, son sözlərini dinləmək, kəsilmiş əl-ayağını, başını axtarmaq çox ağırdır. Artıq müharibə geridə qalıb. Amma bu ağırlığı, müharibənin dəhşətli izlərini hər birimiz düşüncələrimizdə, xatirələrimizdə daşıyırıq. Müharibədən ciddi kəllə-beyin travması ilə qayıtmışam. Bir gün yerə düşən məcməinin məni nə hala saldığını təsəvvür edə bilməzsiniz. Elə bildim mərmi partladı. Huşumu itirdim, vəziyyətim pisləşdi, uzun müddət özümə gələ bilmədim. Bəlkə bu izi ömrümün sonunadək gəzdirəcəyəm, bəlkə bir gün tamamilə sağalacağam, bilmirəm. Nə olacağından asılı olmayaraq, əsas odur ki, Vətənimiz artıq bütöv, başımız ucadır. Bütün tarixin qisasını ermənilərdən aldıq. Müharibədən qalan izləri isə fəxrlə daşıyacağam!
Ruhiyyə DAŞSALAHLI