Şagirdlər dərslər bitdikdən sonra da evə getmək istəmirlər
Təhsil Nazirliyi pandemiya səbəbindən tədrisdə yaranan boşluqları aradan qaldırmaq üçün orta ümumtəhsil məktəblərində "Yay məktəbi” təşkil edib. Məsafədən təhsilin şagirdlərə bilik və bacarıqların mənimsənilməsində yaratdığı çətinlikləri aradan qaldırmaq, bu dövrdə "itirilmiş öyrənmə"ni bərpa etmək üçün ödənişsiz və könüllü əsaslarla təşkil olunan “Yay məktəbi” 2 həftə müddətində davam edəcək.
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində "Yay məktəbi" keçirilir. Bu məktəblərin necə təşkil edildiyini müşahidə etmək üçün paytaxt məktəblərinin birində, Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə olduq.
... Məktəbin həyətindəyik. Burada ağacların kölgəsində dincələrək dərs öyrənən kim, şahmatla oynayan kim, sinif otaqlarında nağıllar səhnələşdirən kim... Havanın isti olmasına baxmayaraq, nə şagirdlər məktəbi tərk etməyə tələsir, nə də müəllimlər onlara nəsə öyrətməkdən yorulur.
“Yay məktəbi” təşkil edilən siniflərdə şagirdlərin üzündə sevinc, müəllimlərin simasında isə məmnunluq var. Öyrəndik ki, bu təhsil ocağında 2974 şagird təhsil alır. Onlardan 182 şagird 25 sinif üzrə “Yay məktəbi”ndə iştirak edir. Şagirdlərin xüsusi geyimdə olması və köynəklərində oxuduqları təhsil ocağının nömrəsinin qeyd edilməsi diqqətimizdən yayınmadı.
III d sinfinin rəhbəri Zülfiyyə Haciyeva “Yay məktəbi”ndə dərslərin necə tədris olunduğu barədə məlumat verdi. Bildirdi ki, uşaqlar “Yay məktəbi”nə ənənəvi dərslərdən daha maraqla gəlirlər: “Şagirdlər burada onlayn dərslərdə qavramadıqları mövzuları təkrar öyrənirlər. Bu gün biz şagirdlərə gül əkməyi və onlara necə qulluq etməyi öyrədirik. Şagirdlər bu dərsləri əylənərək daha tez qavrayırlar. Dərsə o qədər maraq göstərirlər ki, biz üç saatın necə gəlib-keçdiyini hiss eləmirik. Əylənərək öyrənmək uşaqlara zövq verir”.
Z.Haciyevanın sözlərinə görə, şagirdlər arasında keçirilmiş dərslər üzrə sual-cavab da aparılır. Sinif iki qrupa bölünür. Hansı qrup daha çox suala düzgün cavab verirsə, həmin qrup da qalib olur. Bu yolla şagirdlərin hansı mövzuları zəif mənimsədikləri üzə çıxarılır və həmin mövzular təkrar keçirilir: “Biz onlara eyni zamanda rəsm çəkməyi, salatlar hazırlamağı öyrədirik. Məntiqlə bağlı müxtəlif oyunlar oynayır və krasvord həll edirik. Dünyada yayılan bu pandemiyanın gərginliyini atmaq baxımından “Yay məktəbi” çox yaxşı oldu. Elə uşaqlarımız var idi ki, onlarda bir az özünə qapanma var idi. Bu cür şagirdlərimiz də “Yay məktəbi”ndə özlərini çox yaxşı göstərə bilirlər. 5-ci gün onlarla şəhər gəzintisinə çıxacağıq. Bakının gəzməli, tarixi yerləri və muzeylərimizlə onları tanış edəcəyik”.
...III c sinif şagirdləri də həmin gün ana dili dərsini keçirdilər. Sinif rəhbəri Səadət İsmayılova deyir:”Yay məktəbi”ndə təşkil olunan dərslər göstərir ki, uşaqlara əylənərək öyrənmək daha yaxşı təsir edir. Onlar bu dərslərdən zövq alırlar. Həttda içlərində elələri var ki, həmişə belə dərslərin keçirilməsini arzu edirlər. Şagirdlərin oxu və yazı bacarıqlarını artırırıq. Uşaq var ki, dərs müddətində aktiv olmayıb, ancaq “Yay məktəbi”ndə onların da aktivliyinin şahidi oluruq.“Yay məktəbi”ndə şagirlər üçün daha sərbəstlikdir və movzunu qavramaq baxımından müsbət təsir göstərir. Dərslər bitdikdən sonra da evə getmək istəmirlər”.
Qeyd edək ki, övladlarının “Yay məktəbi”ndə bu qədər həvəslə iştirak etməsi valideynləri təəccübləndirib. Saat 10:30-da övladını evə aparmaq üçün gələn valideyn Təranə Qurbanova onu məktəbdən ayıra bilmədiyini söyləyir: “Pandemiyanın təhsildə yaratdığı bir çox problemlərdən sonra düşünürəm ki, “Yay məktəbi”nin təşkil olunması çox yerinə düşdü. Azyaşlı uşaqlar daha çox müəllimlərlə təmasda olmalıdır. Fikrimcə, uşaqlarımız üçün bu dərslər çox yaxşı təsir göstərir. Düşünürdüm ki, isti havada dərs öyrənmək ona çətin olar. Amma əksinə, uşaqlar heç vaxt olmadığı qədər məktəbə can atırlar. Mənim iki övladım belə məktəblərə qatılıb. Onlar əylənərək öyrənir və dərs ilində öyrəndikləri bilik və bacarıqları daha dərindən mənimsəyirlər”.
“Mən Ayşə Sultanova bu məktəbdə təhsil alan III sinif şagirdi Sultanlı Fatimənin valideyniyəm. Əslində biz valideynlər dərslərin bu qədər gözəl keçəcəyini gözləmirdik. Bu qərar veriləndə düşünürdük ki, yenə sinif otağı, yenə həmin çalışmalar və s. çox valideyn razılaşmırdı. Amma yay məktəbinin bu qədər gözəl olduğunu gördükdən sonra uşağını dərslərə qoymaq istəməyən valideynlər peşmançılıq çəkdilər. Dərslərin bu qədər maraqlı və əyləncəli olacağını ağlımıza belə gətirə bilməzdik”.
III sinif şagirdi Aylin Rzayeva deyir ki, “Yay məktəbi”nə böyük həvəslə gəlir: “Mən məktəbə gələndə öz topumu, sevimli oyuncaqlarımı, plastilinimi də gətirirəm. Müəllim bizi həyətə çıxarır, əyləncəli oyunlar oynayırıq. İndi biz gül əkməyi öyrənirik. Bizə güllərə necə qulluq olunduğunu izah edirlər. Dünən isə rəsm çəkməyi öyrəndik. Anama deyirəm ki, həmişə bu dərslərdə iştirak edək. Biz burada müxtəlif oyunlar da oynayırıq. Məsələn Bənövşə oyunu”.
III sinif şagirdi Fidan İmanlı: “Biz dünən Hüseyn Cavid parkına getdik. Orada müxtəlif oyunlar oynadıq. Mən yoldaşlarımla oyun oynamağı çox sevirəm. Müəlliməm bizə dedi ki, Şirvanşahlar Sarayına və Qiz Qalasına da gedəcəyik. Mən həvəslə ora gedəcəyimiz günü gözləyirəm. Axı mən Qiz Qalasında olmamışam”.
Rəşad ZİYADOV