Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Təhsil Nazirliyinın dəstəyi ilə “Nizami Romans” Müsabiqə-festivalı keçirilib.

 

“Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı çərçivəsində baş tutan və BMA-nın 100 illik yubileyinə həsr olunan Müsabiqə-festivala 18-35 yaş arası, hal-hazırda akademik bəstəkarlıq təhsili alan və ya bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlar qatılıb.

 

Müsabiqə-festivalın bədii rəhbəri Xalq artisti, BMA-nın rektoru Fərhad Bədəlbəyli olub. Müsabiqədə gənc bəstəkarların yazdıqları yeni əsərlərin seçilməsi üçün Azərbaycanın tanınmış, görkəmli bəstəkarları və filoloqlarından ibarət münsiflər heyəti təşkil edilib.

 

Qeyd edək ki, müsabiqənin əsas məqsədlərindən biri də müasir gənc bəstəkarların düşüncə tərzində və yaradıcılığında Nizami poeziyasının təbliği, dərindən öyrənilməsi, yaradıcılıq ruhunun sirayət olunması və inkişafıdır. Bunları nəzərə alaraq, müsabiqə üçün yazılmış yeni əsərlərdən ibarət gənc bəstəkarların “Nizami Romans” toplusu kitabı da nəşr edilib. 

 

Müsabiqədə 6 nominant mükafatlandırılıb. Laureat ( I, II , III yer), Diplomant (IV,V,VI yer) və qaliblərə pul mükafatı təqdim olunub. Digər iştirakçılar isə Fəxri Fərmanla təltif ediliblər.