Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.

             

BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, ölkəmizin təhsil tarixində xüsusi yerə, zəngin ənənələrə malik olan Pedaqoji Universitetin 100 illiyi ölkə ictimaiyyəti üçün əlamətdar bir yubiley olaraq qeyd edilməkdədir. Prezident İlham Əliyevin bu ilin aprel ayında ADPU-nun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncam imzaladığını xatırladan Havar Məmmədov bildirib ki, sənəddə yarandığı vaxtdan etibarən universitetin üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirməsi, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirməsi, eyni zamanda, Azərbaycanın tanınmış ictimai, elm və mədəniyyət xadimləri arasında bu ali təhsil ocağının çox sayda məzunlarının olması xüsusi vurğulanıb.

          

Böyük tarixi inkişaf yolu keçən ADPU-nun tarixindən ətraflı bəhs edən  rektor vaxtilə bu ali təhsil ocağının formalaşmasında və inkişafında görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovla yanaşı, xalq maarif komissarı Dadaş Bünyadzadənin, dövrün görkəmli ziyalıları - Üzeyir Hacıbəylinin, Vəli Xuluflunun, Bəkir Çobanzadənin və sair ziyalıların əvəzsiz xidmətlərinə toxunub.

         

 ADPU-nun qazandığı uğurların bilavasitə Ümummilli lider Heydər Əliyevin  adı və çoxşaxəli fəaliyyəti ilə bağlı olduğunu vurğulayan H.Məmmədov Ulu Öndərin hələ sovet Azərbaycanına rəhbərlik etdiyi vaxtlarda 5 dəfə ADPU-da olduğunu, universitetin, onun kollektivinin qayğıları ilə yaxından maraqlandığını, bu təhsil məbədinin inkişafı üçün müvafiq qərarlar verdiyini qeyd edib. Bildirib ki, daim ADPU-ya ən yüksək qiymət verən müdrik siyasi xadim, görkəmli dövlət rəhbəri Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə də dəyərli tövsiyələri ADPU-da ciddi nailiyyətlərin qazanılmasında həlledici rol oynayıb.

         

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin də müəllim adına, müəllim əməyinə yüksək qiymət verdiyini deyən rektor ölkə başçımızın ADPU-nun inkişafına daima öz dəstəyini göstərdiyini fikirlərinə əlavə edib.

          

Ötən 100 il ərzində ADPU-nun 160 mindən çox yüksək ixtisaslı müəllim kadrları yetişdirən, zəngin ənənələrə malik elm və təhsil müəssisəsi kimi tanındığını deyən H.Məmmədov söyləyib ki, Pedaqoji Universitet Azərbaycanda elm və təhsilin inkişafına dəyərli töhfələr verən tanınmış alimlər ərsəyə gətirib, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb, inkişaf edib.      

 

Bu gün uğurlu fəaliyyəti ilə seçilən, nüfuzlu təhsil ocaqlarımızdan olan ADPU-nun qabaqcıl elmi nailiyyətlər, innovativ təlim-tədris texnologiyalarından yararlanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi işinə öz töhfələrini verməkdə olduğunu bildirən H.Məmmədov Pedaqoji Universitetin kollektivini yubiley münasibətilə təbrik edib, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində göstərdikləri yorulmaz fəaliyyətlərində onlara müvəffəqiyyətlər, daha böyük uğurlara imza atmalarını arzulayıb.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov deyilən xoş sözlərə və təbriklərə görə BMU-nun rektoruna öz dərin minnətdarlığını bildirib.

 

Rektor 1921-ci ildə cəmi 6 tələbə ilə fəaliyyətə başlayan Pedaqoji Universitetdə hər il 4 mindən çox yüksəkixtisaslı tələbənin məzun olduğunu diqqətə çatdırıb. ADPU-nun ölkənin ən böyük ali məktəblərindən biri olduğunu söyləyən rektor universitetin ölkəmizin 5 rayonunda filiallarının, Bakıda 4 kampusun və 2 kollecin fəaliyyət göstərdiyini vurğulayıb.

 

Universitetin uğurlu nəticələrini diqqətə çatdıran rektor tələbələrin 70 %-ə qədərinin təqaüd aldığını bildirib.  Müəllimlərin işə qəbul imtahanlarında ADPU məzunlarının göstərdiyi nailiyyətlərin də çox sevindirici olduğunu deyən C. Cəfərov bununla yanaşı, həm MİQ imtahanlarında, həm də magistratura səviyyəsi üzrə keçirilən imtahanlarda iştirak edən tələbələrin qəbul göstəricilərinin də yüksək olduğunu sözlərinə əlavə edib. Rektor universitetin qəbul planının həm keyfiyyət, həm də kəmiyyət baxımından artdığını, son illərdə 98-99% təşkil etdiyini söyləyib.

 

C.Cəfərov ADPU-nun beynəlxalq əməkdaşlıq sahəsində son illərdəki böyük uğurlarından biri kimi  ABŞ-ın Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramının uğurla davam etdiyini söyləyib. O, yeni tədris ilindən etibarən ADPU-da bakalavr səviyyəsində iki ixtisas üzrə ingilis bölməsinə qəbul aparılacağını da tədbir iştirakçılarının nəzərinə çatdırıb.

 

Sonda ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, BMU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Emin Ağayev çıxış ediblər. Çıxışlarda ADPU-nun yaranma tarixindən və keçdiyi inkişaf yolundan ətraflı danışılıb.