Çində müvəqqəti yaşayan Nigar Babayeva (göy kəmər) və Rəcəbəli İskəndərov (ağ kəmər) Asiya Ciu-citsu İdmanı Federasiyasının Tiencin şəhərində təşkil etdiyi açıq Çin çempionatda yüksək nəticə göstəriblər. Onlar qələbələrini işğal altındakı torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə canından keçən şəhidlərimizə həsr ediblər.

 

Bu idman növünün “Gi” versiyası üzrə N.Babayeva 68 kiloqram çəkidə və sərbəst çəkidə bütün rəqiblərindən üstün olub. N.Babayeva hər 2 çəki üzrə finalda çinli Bo Sunu məğlub edib.

 

R.İskəndərov isə (“Gi” versiyası üzrə) 70 kiloqram çəkidə mübarizə aparıb. İlk görüşdə Böyük Britaniyadan olan idmançını 11:0 hesabı ilə məğlub edən R.İskəndərov 2-ci mərhələdə çinli idmançıya göz açmağa imkan verməyib - 24:0. Bu, çempionatda qeydə alınan ən böyük hesablı qələbə olub. Həmvətənimiz yarımfinalda və finalda yerli idmançılardan üstün olub və yarışı qalib kimi başa vurub.

 

Asiya Ciu-citsu İdmanı Federasiyanın Tiencində təşkil etdiyi açıq Çin çempionatda yerli, habelə Braziliya, Yaponiya, Rusiya, Böyük Britaniya və digər ölkələrdən olan həm peşəkar, həm də həvəskar idmançılar yarışıblar.

 

Azərtac