Proqramın inklüziv tədrisi də əhatə etməsi müsbət hal kimi dəyərləndirilib
İyunun 29-da Təhsil Nazirliyi, "British Council", Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə həyata keçirdiyi TOPs proqramının 4-cü mövsümünün başa çatması ilə əlaqədar mərasim keçirilib.
Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin bədən təbiyəsi və idman vasitəsilə yüksəldilməsinin müasir təhsil üçün prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. Bu baxımdan 2014-cü ildə Bakı şəhərinin 3 ümumtəhsil məktəbində pilot layihə kimi start verilən və hazırda 140 000-dən artıq şagirdin yararlandığı TOPs proqramının əhəmiyyətindən söz açan nazir müavini onun əhatə dairəsinin getdikcə genişlənməsinin təqdirəlayiq olduğunu söyləyib: "TOPs layihəsi bilavasitə insan sağlamlığı ilə bağlıdır. Təhsil Nazirliyi olaraq biz şagirdlərimiz üçün keyfiyyətli təhsil şəraiti yaratmaqla yanaşı, onların sağlamlığına, fiziki hazırlığına da xüsusi diqqət yetirməyə çalışırıq.Birgə həyata keçirilən TOPs proqramı şagirdlərimizin idmana marağının artırılmasına, fiziki tərbiyə dərslərində həvəslə iştirak etməsinə imkan yaradır".
Nazir müavini bildirib ki, artıq fiziki tərbiyə dərslərində TOPs metodologiyasının tətbiqinin gətirdiyi inkişafı və yenilikləri hiss edirik. Bu metodikanın tətbiqi ilə keçirilən fiziki tərbiyə dərslərində şagirdlər daha çox iştirak etməyə meyil göstərirlər. Proqramın inklüziv tədrisi də əhatə etməsi isə çox müsbət haldır.
Qeyd olunub ki, layihə çərçivəsində həmin məktəblərin fiziki tərbiyə və ibtidai sinif müəllimləri üçün təlimlər təşkil edilib. Təlimlərin məqsədi fiziki tərbiyə dərslərini tədris edən müəllimlərin peşə bacarıqlarının artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsidir.Təlimlərdə, həmçinin, müəllimlərə fiziki tərbiyənin tədrisində müasir təlim üsullarının tətbiq edilməsi üçün milli kurikuluma uyğunlaşdırılmış metodiki tədris kartları da təqdim edilib. Bu təlimləri uğurla başa vurmuş 470 müəllimə müvafiq sertifikatlar verilib.
Firudin Qurbanov onu da bildirib ki, layihə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, müvafiq tədbirlər və fəaliyyət istiqamətləri nəzərə alınaraq keçirilir.
"British Council" tərəfindən ölkəmizdə bir sıra layihələrin həyata keçirildiyini deyən nazir müavini bu təşkilatın Təhsil Nazirliyi ilə səmərəli əməkdaşlığına da diqqət çəkib, birgə işgüzar əlaqələrin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu söyləyib. F.Qurbanov çıxışının sonunda layihənin uğurla həyata keçirilməsində əməyi olan hər bir kəsə təşəkkür edib.
"British Council"ın Azərbaycan Nümayəndiliyinin direktoru xanım Elizabet Uayt TOPs layihəsinin ölkəmizdə böyük uğurla həyata keçirildiyini qeyd edərək Britaniya təcrübəsinin Azərbaycan məktəbliləri üçün də faydalı olduğunu bildirib. Elizabet Uayt Azərbaycan müəllimlərinin yeni metodiki biliklərə və bacarıqlara yiyələnmələrinə imkanlar yaratdığına görə tərəfdaşlara təşəkkür edib:"Biz sevinirik ki, TOPs layihəsində iştirak edən məktəblərin sayı ildən -ilə artır. Artıq 150 ümumtəhsil məktəbi və 140 min şagird və çoxlu sayda müəllimdən ibarət böyük bir TOPs ailəsiyik. Layihənin keçirilməsində bizə davamlı olaraq dəstək göstərdiyi üçün Təhsil Nazirliyinə xüsusi minnətdarlığımı bildirirəm. Ümid edirik ki, bu layihə şagirdlərin fiziki aktivliyinin artırılması ilə yanaşı onların təhsil göstəricilərinə də müsbət təsir göstərəcək".
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Təhminə Tağızadə akademiyanın fəaliyyət istiqamətlərindən söz açıb. Qeyd edib ki, ali təhsil ocağının bu layihəyə qoşulmaqda məqsədi fiziki tərbiyə müəllimlərinin praktiki peşə hazırlığına dəstək olmaqdır.
Mərasimdə sonra TOPs proqramının məqsəd və vəzifələrindən, proqram çərçivəsində ölkəmizdə görülən işlərə, eləcə də bu layihənin nəticələri ilə bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının həyata keçirdiyi qiymətləndirməyə həsr olunan videoçarxlar nümayiş olunub.
Sonda TOPs layihəsi çərçivəsində 2016- 2017-ci tədris ilində keçirilmiş 4 nominasiya üzrə müsabiqənin qaliblərinə mükafatlar, həmçinin layihə üzrə təşkil olunan təlim kürsunu müvəffəqiyyətlə bitirən müəllimlərə sertifikatlar təqdim edilib.
“British Council”ın Azərbaycan Nümayəndəliyinin direktoru Elizabet Uayt isə ölkəmizin ümmmtəhsil məktəblərində fiziki tərbiyənin inkişafına verdiyi töhfələrə görə tərəfdaşlar adından təşəkkürnamə plaketi ilə təltif olunub
Məlumat üçün bildirək ki, 2017-2018-ci tədris ilində TOPs layihəsinə 78 ümumtəhsil məktəbi qoşularaq proqramda iştirak edən məktəblərin sayı 150-yə çatdırılıb. Bu məktəblər Bakı və Sumqayıt şəhərlərini, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın rayonlarını əhatə edir.
Proqram ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin TOPs metodologiyası ilə bilik və bacarıqlarının zənginləşdirilməsi, həmçinin, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.
Samirə KƏRİMOVA