Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində “Türkologiya” jurnalının 50 illik yubileyi münasibətilə konfrans keçirilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən jurnal Türk dünyasının köklü və nüfuzlu elmi nəşrlərindəndir. Türkologiya elminin tarixinə və aktual problemlərinə həsr olunan dərgi türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair yazılmış elmi əsərləri özündə əks etdirir. Jurnal həmçinin, dünyadakı türkoloji mərkəzlərin bir-biri ilə qarşılıqlı əməkdaşlığına və elmi əlaqələrin genişləndirilməsinə xidmət edir.
“Türkologiya” jurnalının baş redaktoru, akademik, Xalq yazıçısı Kamal Abdulla konfransa onlayn qatılıb.
Bildirib ki, jurnal SSRİ Elmlər Akademiyası və Azərbaycan Elmlər Akademiyasının birgə nəşri kimi “Sovetskaya Türkologiya” adı ilə 1970-ci ilin aprelindən nəşr olunur. 1992-ci ildən etibarən “Türkologiya” adı altında buraxılır. Müstəqilliyin ilk illərində nəşrin ciddi maliyyə çətinlikləri ilə üz-üzə qaldığını deyən akademik vurğulayıb ki, jurnal həmin dövrdə müəyyən fasilələrlə işıq üzü görüb. 2016-cı ildən etibarən AMEA Rəyasət Heyətinin təsisi ilə ildə dörd nömrəsi nəşr edilən jurnalda Azərbaycan, türk, rus və ingilis dillərində məqalələr dərc olunur. Jurnalın daimi və xüsusi rubrikaları müəyyənləşdirilib, resenziyalar, xronika və nekroloqların mütəmadi və sistemli şəkildə çap edilməsi təmin olunub.
Akademik nəzərə çatdırıb ki, jurnal ötən zaman ərzində profilini genişləndirib. Türkologiya elminin müxtəlif sahələrini, türk xalqlarının tarixi və mədəni zənginliklərini, yazılı abidələrini, mifologiyasını, dil və ədəbiyyat problemlərini, incəsənət nümunələrini, fəlsəfi fikrini, dünya türkoloji mərkəzlərini öyrənən məqalələrə geniş yer verir. Qeyd olunub ki, təkcə son 5 il ərzində jurnalın 20 sayı çıxıb və bu nömrələrdə 192 məqalə yer alıb. Jurnalda yerli alimlərlə yanaşı, ABŞ, Almaniya, Fransa, Polşa, Çexiya, Macarıstan, Türkiyə, Rusiya, Misir, İran, Monqolustan, Əfqanıstan, Orta Asiya ölkələri, Koreya Respublikası və Yaponiyadan olan alimlərin məqalələri də dərc edilib. Bununla da jurnal türkologiyanın müxtəlif istiqamətlərində çalışan alimlərin intellektual məkanına çevrilib.
Konfransda vurğulanıb ki, elmi jurnalın qlobal dünyada beynəlxalq indeks təşkilatları tərəfindən tanınması onun nüfuzunu və beynəlxalq arenaya çıxışını göstərən əsas amillərdən sayılır. Bu baxımdan “Türkologiya” jurnalı da artıq bir çox beynəlxalq indeksləşdirmə biblioqrafiyasına daxil edilib. “Naxçıvanda jurnalın təqdimatının keçirilməsi, eləcə də jurnala olan maraq məni çox sevindirdi”, – deyən K.Abdulla dərginin gələcək fəaliyyətində naxçıvanlı alimlərlə əməkdaşlığın əhəmiyyətini qeyd edib.