Mingəçevir Dövlət Universitetinin (MDU) nəzdində fəaliyyət göstərən “Seed” Startap Mərkəzinin təşkilatçılığı ilə “Fintech və rəqəmsal iqtisadiyyat” mövzusunda təlim keçirilib.
Təlimin qonağı ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin maliyyə professoru Fariz Hüseynov olub.
MDU-nun rektoru Şahin Bayramov müasir dövrdə cəmiyyət həyatının bütün sahələrində rəqəmsallaşmanın geniş tətbiq olunduğunu qeyd edib. Ölkəmizdə rəqəmsal transformasiyanın uğurla reallaşmaqda olduğunu vurğulayan Ş.Bayramov universitetin gənc akademik heyət üzvlərinin, tələbə və magistrantlarının yeni dövrün tələblərinə uyğun rəqəmsal bilik və bacarıqlar əldə etməsi baxımından təlimin əhəmiyyətindən söhbət açıb.
MDU-nun tələbə və müəllim kollektivi ilə görüşdən məmnunluğunu ifadə edən F.Hüseynov təlim zamanı maliyyə və texnologiyanın inteqrasiyası olaraq fintech-in mahiyyəti, yaranması və əsas məqsədləri haqqında ətraflı məlumat verib. Fintech startapları, rəqəmsal iqtisadiyyat, “e-ticarət”, rəqəmsal media, rəqəmsal məhsullar və kriptovalyutalardan bəhs edən təlimçi informasiya texnologiyaları vasitəsilə həyata keçirilən maliyyə xidmətlərindən, digər iqtisadi fəaliyyətlərdən danışıb.
Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.