Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.  

 

İyunun 2-dən başlayan imtahanlar iyulun 2-də yekunlaşacaq.

 

Bakalavriat səviyyəsində bəzi fakültələrdə 4-cü kurs tələbələrinin yekun dövlət attestasiyası - buraxılış işinin müdafiəsi də artıq başlayıb. Onlayn müdafiənin keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan müdafiələr zamanı hər hansı bir problem yaranmayıb. 

          

Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədovanın verdiyi  məlumata görə, iyunun 16-dan başlayan buraxılış işlərinin müdafiəsi iyulun 4-nə qədər davam edəcək. Zoom proqramı vasitəsilə keçirilən müdafiə günləri qruplar üçün  təyin edilmiş qrafik üzrə yerinə yetirilir.  IV kursda təhsil alan 218 tələbədən 207 nəfəri buraxılış işinin müdafiəsinə buraxılacaq. Müdafiyə buraxılan tələbələrdən 156-sı memarlıq, 51 nəfəri isə dizayn ixtisasında təhsil alıb.

         

İnşaat fakültəsində cəmi 11 nəfər buraxılış işlərinin müdafiəsinə qatılacaq, onlardan 3-ü SABAH qruplarının tələbələri, qalanları isə bakalavrlardır.

          

Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin 10 tələbəsi də buraxılış işi müdafiə edəcək.

         

Nəqliyyat, tikinti-iqtisad, mexanika və informasiya texnologiyaları, inşaat-texnologiya fakültələrinin məzunları isə təhsil müddətində əldə etdikləri nəticələrə uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşaraq buraxılış işləri müdafiə etməyəcəklər.

         

Məlumat üçün qeyd edək ki, bu il Nazirlər  Kabinetinin  qərarına  əsasən, bakalavriat səviyyəsində  tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən, nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə  uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar. Təhsil müddətində əldə etdikləri nəticələrə uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.