Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunan “Azərbaycanda müəllim kadrların hazırlanmasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu” mövzusunda onlayn konfrans keçirilib.
LDU-nun rektoru, professor Natiq İbrahimov Pedaqoji Universitet kollektivini 100 illik yubiley münasibəti ilə təbrik edərək ADPU-nun ölkəmizin təhsil quruculuğunda flaqmanlardan biri olduğunu qeyd edib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov diqqətə görə LDU rəhbərliyinə təşəkkürünü bildirib və ADPU-nun bir əsr ərzində keçdiyi inkişaf yolu haqqında məlumat verib.
Daha sonra LDU-nun İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının müdiri, dosent, ADPU-nun məzunu Ayəddin Əliyev “Azərbaycanda müəllim kadrların hazırlanmasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu”, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov isə “Azərbaycanın ictimai-siyasi həyatında və elm aləmində Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu” mövzularında məruzə ilə çıxış ediblər.
Çıxış edənlərdən LDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent İdrak Əsgərov konfransın qarşılıqlı əlaqələrin inkişafına verəcəyi töhfədən danışıb, Pedaqoji Universitetin 100 illik yubileyinin keçirilməsinin ölkə miqyaslı əlamətdar tarixi hadisələrdən biri olduğunu qeyd edib.