Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) X Məzun-Karyera Sərgisinin ilkin nəticələri ilə bağlı tədbir keçirilib.

 

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetlə tərəfdaş qurumlar - nazirlik və agentlik, dövlət və özəl şirkətlərin məsul şəxsləri iştirak ediblər.

 

Bildirilib ki, mayın 25-də ADNSU-nun yuxarı kurs tələbələri və məzunları üçün keçirilmiş X Məzun-Karyera Sərgisində 63 dövlət qurumu və özəl şirkət tərəfindən 231 vakant iş yeri, 300-ə dək təcrübə yeri təqdim olunub. Universitetin tələbə və məzunları tərəfindən təqdim edilən iş yerlərinə uyğun olaraq  547 CV göndərilib.  Eyni zamanda bir neçə tələbə sərgidə iştirak edən şirkət və dövlət qurumları tərəfindən təcrübəyə cəlb olunub.

 

Digər müraciət edənlərin keçən bir ay müddətində ixtisas və peşə uyğunluğu, tələbə və məzunların daha çox hansı ixtisasa üstünlük verməsi ilə bağlı dəqiqləşmələr aparılıb.

 

Tədbirdə ADNSU-nun rektoru M.Babanlı tərəfdaş qurumlarla əməkdaşlığın inkişafı istiqamətində işlərin davam etdirildiyini deyib.