26 İyun -Silahlı Qüvvələr Günü münasibətilə Biləsuvar rayonunun Əsgərabad kəndində Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhidin adını daşıyan abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.
Kompleksin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin əməkdaşları, tanınmış incəsənət və mədəniyyət xadimləri, ziyalılar, rayon sakinləri, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Kənan Rüstəmli Bakı Slavyan Universitetinin (BSU) 2020-ci il məzunu olub. Tədbirdə, həmçinin BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin müdiri Aygün Kərimova, professor-müəllim heyətinin nümayəndələri, tələbə-gənclər də iştirak ediblər.
Biləsuvar rayonundan Milli Məclisə deputat seçilmiş Bəhruz Məhərrəmov və digər şəxslər çıxış edərək Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi, siyasi iradəsi, sərkərdəlik qabiliyyəti, rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində xalqımızın Qarabağ uğrunda apardığı Vətən müharibəsində möhtəşəm Qələbə qazanılmasından qürur hissi ilə danışıblar.
Çıxışlarda qeyd edilib ki, xalqımızın Vətən müharibəsində Böyük Qələbə qazanmasında K.Rüstəmli kimi igid, cəsur, vətənpərvər oğulların əvəzsiz xidmətləri var.
BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent X.Sultanova şəhid K.Rüstəmli ilə bağlı xatirələrini bölüşüb, onun təhsildə və universitetin sosial-mədəni həyatında fərqlənən, yüksək mədəni səviyyəyə malik, milli-mənəvi dəyərlərimizə sadiq bir gənc olduğunu vurğulayıb.
Tədbirdə şəhid K.Rüstəmlinin ali təhsil diplomunun əlavəsi valideynlərinə təqdim olunub.
Sonda BSU-nun nümayəndələri şəhid məzunun məzarını ziyarət edərək, onun ruhuna dualar oxuyublar.