Bakı Mühəndislik Universitetində (BMU) Maliyyə menecmenti ixtisaslaşması üzrə təhsil alan magistrantların dissertasiya işlərinin onlayn müdafiəsi keçirilib.
Magistrantlar tədris ili müddətində elmi rəhbərləri ilə apardığı tədqiqatlarını ixtisaslaşdırılmış elmi şura qarşısında müdafiə ediblər.
Tələbələr Azərbaycanda həyata keçirilən vergi islahatları, beynəlxalq təcrübəyə əsaslanan əmlak və torpaq vergilərinin Azərbaycanda tətbiqi imkanları, kredit reytinqi agentlikləri, neft qiymətlərindəki dalğalanmaların dövlət büdcəsi gəlirlərinə təsiri, səhm bazarı ilə foreks bazarı arasında əlaqənin təhlili və s. mövzularda müasir və praktik tədqiqatlarını təqdim ediblər.
Təqdimatlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb, həmçinin gənc tədqiqatçılar onlara ünvanlanan sualları cavablandırıblar.
Müdafiələrin qiymətləndirilməsindən sonra çıxış edən ixtisaslaşdırılmış elmi şuranın sədri, elmi işlər üzrə prorektor, dosent Elçin Süleymanov hər bir dissertasiyada çox aktual məsələyə toxunulduğunu və məsələlərin ətraflı tədqiq olunduğunu bildirib.
Şuranın üzvü, Maliyyə kafedrasının əməkdaşı, professor Saleh Məmmədov tədrisin onlayn olmasına baxmayaraq, magistrantların il boyu gərgin çalışdıqlarını, məsləhət saatlarının səmərəli keçdiyini və buna görə nəticənin yaxşı olduğunu diqqətə çatdırıb.
Sonda çıxış edən Maliyyə kafedrasının müdiri Füzuli Əliyev magistrantları uğurlu dissertasiya müdafiəsi münasibətilə təbrik edib, bəzi tədqiqatların davam etdirilməli olduğunu qeyd edib. O, həmçinin magistrantların artıq elmi dərəcəli olduğunu və gələcəkdə BMU ilə əməkdaşlıq edə biləcəklərini sözlərinə əlavə edib.