Bakı Dövlət Universitetində (BDU) 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan “Şanlı ordumuz - qürurumuzdur” adlı onlayn dəyirmi masa keçirilib.

 

Rektor Elçin Babayev rəşadətli Azərbaycan Ordusunun yaranması və keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Bildirib ki, Azərbaycanda güclü və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun sayəsində ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılıb.

         

E.Babayev qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. 44 günlük Vətən müharibəsindəki parlaq qələbə Milli Ordumuzun gücünün və qüdrətinin göstəricisidir.

 

Rektor bu il 26 İyun - Silahlı Qüvvələr Gününü fərqli ovqatda - qalib ölkənin qalib vətəndaşları olaraq qeyd etdiyimizi söyləyib. Əminliklə bildirib ki, növbəti illərdə də bu bayram ölkəmizin daha böyük uğurları ilə qeyd olunacaq.

 

Milli Məclisin üzvü, YAŞAT Fondunun Himayəçilik Şurasının üzvü, BDU-nun professoru Anar İsgəndərov Azərbaycan ordusunun yaranması və keçdiyi şərəfli tarix haqqında geniş məruzə ilə çıxış edib.

 

Daha sonra DTX-nın Heydər Əliyev adına Akademiyası rəisinin birinci müavini Elşad Nəsirov, Qarabağ qazisi, YAŞAT Fondunun əməkdaşı Elşad Haşımov, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının müəllimi Fərhad Aydınlı mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda Milli Ordunun yaranma tarixi, Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində göstərdiyi xidmətlər, 2016-cı il Aprel döyüşlərində, Vətən müharibəsində Milli Ordumuzun göstərdiyi şücaət, ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsindən  bəhs olunub.

        

Vətən müharibəsi iştirakçıları - BDU-nun filologiya fakültəsinin 2019-cu il məzunu Elnur Soltanov, tarix fakültəsinin 2017-ci il məzunu, ehtiyatda olan hərbçi Xəyal Zeynalov döyüş əməliyyatlarından, əsgərlərimizin şərəfli döyüş yolundan söz açıblar, müharibə ilə bağlı xatirələrini bölüşüblər.