Mingəçevir Dövlət Universiteti (MDU) və Dövlət Miqrasiya Xidməti (DMX) Yevlax Regional Miqrasiya İdarəsinin birgə təşkilatçılığı ilə "Şuşa Bəyannaməsi miqrasiya kontekstində" mövzusunda seminar keçirilib.
Seminarda MDU-nun bir qrup akademik heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
MDU-nun prorektor əvəzi Veysəl Əyyubov 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Azərbaycanın mədəniyyət paytaxtında iki qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsinin regionda sülhə, təhlükəsizliyə, sabitliyə və tərəqqiyə töhfəsi baxımından tarixi, iqtisadi və siyasi əhəmiyyətindən bəhs edib.
Sonra DMX Yevlax Regional Miqrasiya İdarəsinin rəis müavini Aydın Əliyev və şöbə rəisi Faiq Məmmədov məruzələrlə çıxış edərək, Suşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyə arasında formalaşan keyfiyyətcə yeni strateji müttəfiqlik münasibətləri, türk dünyası coğrafiyasının dinamik və davamlı inkişafı üçün yaranan geniş imkanlar, işğaldan azad olunmuş ərazilərdə miqrasiya proseslərinin tənzimlənməsi perspektivləri barədə ətraflı məlumat veriblər.
Tədbirdə məruzələr ətrafında geniş müzakirə aparılıb və verilən suallar ətraflı cavablandırılıb.