Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunan “Azərbaycanda elmin və təhsilin inkişafında Azərbaycan Dövlət Pedaqoji Universitetin rolu” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

 

SDU-nun rektoru, professor Elxan Hüseynov  Pedaqoji Universitetin ölkəmizin elm və təhsil tarixində, pedaqoji fikrin inkişafında olduqca önəmli rola sahib olduğunu bildirib.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov göstərilən diqqətə görə minnətdarlığını söyləyərək universitetin fəaliyyəti ərzində ölkəmizin adını yüksəklərə qaldıran onlarla tanınmış alimlər və şəxsiyyətlər yetişdirdiyini və bir çox pedaqoji-medotoloji elmlərin əsasının Azərbaycanda məhz burada qoyulduğunu və inkişaf etdiyini, universitetdə bu gün də müasir təhsil trendlərinə uyğun qabaqcıl müəllim hazırlığı sahəsində ciddi tədbirlərin icra olunduğunu vurğulayıb.

 

Daha sonra SDU-nun filologiya fakültəsinin dekanı, dosent, ADPU-nun məzunu Sevinc Həmzəyevanın “Azərbaycanda elmin və təhsilin inkişafında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu” və ADPU-nun professoru, Ağsaqqallar  Şurasının sədri  Məlikməmməd Cəbrayılovun “Azərbaycanın ictimai-siyasi və mədəni həyatında  Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu” mövzularında məruzələri dinlənilib.

 

ADPU-nun məzunu olan SDU-nun dosentləri- Cavid Məmiyev, Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri Xalidə Həsənova və Pedaqogika və psixologiya kafedrasının müdiri Aytəkin Məmmədova Pedaqoji Universitetin müasir təhsil islahatlarının həyata keçirilməsindəki rolundan danışıblar.