92 məzuna diplomlar təqdim olunub
İyunun 28-də Bakı Ali Neft Məktəbində (BANM) “Məzun günü” keçirilib. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BANM-ın rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Ali Məktəbin professor-müəllim heyəti, universitet rektorları, transmilli şirkətlərin təmsilçiləri, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin nümayəndələri, məzunlar və onların valideynləri iştirak ediblər.
BANM-ın rektoru Elmar Qasımov tədbiri açaraq qonaqları salamlayıb.
Məzunları təbrik edən SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev müasir Avropa təhsil konsepsiyasına uyğun hazırlanmış tədris proqramı, yeni yaradıcı mühit və təhsilin yüksək keyfiyyətinin qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentləri Bakı Ali Neft Məktəbini seçməyə həvəsləndirdiyini bildirib.
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev məzunları təbrik edib və bildirib ki, Ali Məktəbin vətənpərvər ruhda təhsil almış məzunları ölkənin neft-qaz sənayesində ən peşəkar mütəxəssislər və alimləri olacaqlar. Nazir Ali Məktəbin yaradılmasını ölkə başçısının təhsilə və neft-qaz sənayesinə diqqətinin nəticəsi olduğunu vurğulayıb.
Rektor Elmar Qasımov məzunları və onların yaxınlarını əlamətdar gün münasibətilə təbrik edib və məzunlara gələcək karyeralarında uğurlar arzulayıb. “Biz tələbələrimizi həyata və dünyaya hazırlayırıq. Əminəm ki, bu gün məzun olan tələbələrimiz keçən ilki məzunlarımız kimi Bakı Ali Neft Məktəbini və doğma Azərbaycanı yerli və transmilli şirkətlərdə, eləcə də dünyanın aparıcı universitetlərində layiqincə təmsil edəcəklər. Ötən il BANM iki ixtisas üzrə məzun buraxılışı həyata keçiribsə, bu il artıq üç ixtisas üzrə məzunlarını yola salır. Yeni dərs ilindən isə biz bakalavr pilləsi üzrə yeni ixtisasın tədrisinə başlayırıq. Biz bu gün böyük qürur hissi ilə deyə bilirik ki, Ali Məktəbimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarını rəhbər tutaraq dinamik inkişaf edir, ölkəmizə potensiallı mütəxəssislər bəxş edir,” – deyə rektor Elmar Qasımov qeyd edib.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə BANM-a böyük rəğbət bəslədiyini, Ali Məktəbin tədris proqramlarının və hazırladığı mütəxəssislərin yüksək səviyyədə olduğunu qeyd edib və BP-də çalışan keçənilki məzunlardan öz razılığını bildiib.
Böyük Britaniyanın Heriot Vatt Universitetinin prorektoru, professor Culian Counz və BANM-ın əməkdaşlıq etdiyi Yunanıstanın Qərbi Attika Universitetinin professoru və Erasmus+ layihəsinin universitet üzrə koordinatoru Panayotis Yannakopoulos da çıxış edərək məzunları təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.
Tədbirdə BANM-ın ötənilki ilk məzunlarının dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən builki məzunlara göndərdiyi təbrik videosu, eyni zamanda Heriot Vatt Universitetinin professor-müəllim kollektivinin təbrikini əks etdirən videomaterial nümayiş olunub.
“Məzun günü” diplomların təqdim olunma mərasimi ilə davam edib. 2017/2018-ci tədris ilində Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə məzun olan 16 tələbəsi BANM-ın diplomunu, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə məzun olan 35 nəfər və “Kimya mühəndisliyi” ixtisası üzrə məzun olan 41 nəfər tələbə isə BANM-ın və Heriot Vatt Universitetinin diplomlarını alıblar.