Türkan Mahmudova: “Arzu edərdim ki, gənc müəllimlər daimi yenilik axtarışında olsunlar”
Türkan Mahmudova Lənkəran Dövlət Universitetinin Tarix müəllimliyi fakültəsini bitirib. O, müəllimlərin işə qəbulu müsabiqəsində 44 bal toplayıb və hazırda Zaqatalanın Höytala kənd ümumi orta məktəbində tarix müəllimi işləyir. T.Mahmudova ilə söhbət edib müəllimlik peşəsinə dair fikirlərini öyrəndik.
- Türkan xanım, necə oldu ki, müəllimlik ixtisasını seçdiniz?
- Müəllim olmağa məktəbdə oxuyanda qərar vermişdim. Tarix fənninə böyük marağım olduğuna görə də ixtisas olaraq tarix müəllimliyini seçdim. İndi düşünürəm ki, müəllimlikdən başqa peşəyə belə həvəslə yanaşa bilməzdim.
- İşlədiyiniz məktəb yaşadığınız yerdən kifayət qədər uzaqdır. Gəlib-getmək sizin üçün çətin olmurmu?
- Məktəbə getmək üçün 2 marşrut dəyişməli oluram. Dərsə gəlməyim təqribi bir saat yarım vaxtımı alır, ancaq o qədər həvəsliyəm ki, bu vaxt heç gözümə görünmür. Bəzən müəllim olduğuma, məktəbdə dərs dediyimə inanmıram.
- Məktəb haqqında ilk təəssüratlarınız necə oldu?
- Məktəb haqqında ilk təəssüratım çox gözəl oldu. Məktəbə gəlməmişdən öncə fikrimdə bir məktəb canlandırmışdım, ancaq gəldiyim ilk gün çox xoş sürprizlə qarşılaşdım. Kollektiv tərəfindən çox gülərüz və mehriban qarşılandım. Yeni gəlməyimə baxmayaraq, heç yadlıq hiss etmədim.
- Şagirdlərlə münasibətiniz necədir?
- Siniflərə girdiyim ilk gündən uşaqlarla çox rahat ünsiyyət qura bildim. Hətta 5-ci sinif şagirləri bir neçə dərsdən sonra mənə sürpriz hazırlamışdılar, gül ləçəkləri ilə masama adımı yazmışdılar. Şagirdlərin məhəbbətini qısa zamanda qazana bilməyim məni yeni başlayan bir müəllim kimi çox sevindirdi. Şəhərdən uzaq olmasına baxmayaraq, məktəbdə şagirdlərin davamiyyəti yüksəkdir, uşaqlar öyrənməyə meyillidirlər, ən çox xoşuma gələn cəhət odur ki, bilmədikləri mövzuların üstündən keçmirlər, daima sual verirlər. Mən də onların suallarını ətraflı cavablandırmağa çalışıram.
- Digər gənc müəllimlərə nə tövsiyə edərdiniz?
- Məsləhət görərdim ki, həmişə dərsə hazırlıqlı gəlsinlər, daima öz üzərlərində işləsinlər, biliklərini təkmilləşdirsinlər. Müəllimin elmi bilikləri nə qədər geniş və əhatəli olsa, fənnin tədrisi zamanı fənlərarası inteqrativ dərsin alınması imkanları bir o qədər çox olacaq. Arzu edərdim ki, gənc müəllimlər daimi yenilik axtarışında olsunlar.
Vüsalə BƏDƏLOVA,
Zaqatala Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi