Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkında (YT Park) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

 

YT Parkın baş direktoru Vasif Abbasov qonaqlara texnoparkda həyata keçirilən layihələr, burada mövcud olan maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti barədə ətraflı məlumat verib. Bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması YT Parkın əsas məqsədlərindəndir.

 

V.Abbasov iqtisadiyyatda yüksək texnologiyaların tətbiqinin vacibliyi məsələsinə toxunaraq, bu prosesin yüksək dinamikasının təmin edilməsinin əsas yolunun elmi tədqiqat və təcrübə konstruktor işlərinin multidissiplinar yanaşma əsasında, məqsədyönlü innovasiya proqramları daxilində tətbiq edilməsi ilə mümkün olduğunu vurğulayıb.

 

Əlavə edib ki, görüşün keçirilməsində əsas məqsəd Koreya ilə innovasiya sahəsində birgə əməkdaşlıq perspektivlərinin genişləndirilməsinə, bu ölkənin qeyd olunan sahədəki zəngin təcrübəsinin YT Parkda tətbiqinə nail olmaqdır.

 

Baş direktor texnoparkın rezidentləri üçün yaradılan güzəştlər və münbit şəraitdən də söz açıb, ölkəmizdəki əlverişli investisiya mühitindən danışıb. Qeyd edib ki, Azərbaycanda biznes fəaliyyətinə başlamaq istəyən Koreya investor və şirkətləri üçün YT Parkda potensial şərait mövcuddur.

 

KOICA Azərbaycan ofisinin proqram koordinatoru Yeojun Kim isə Koreyanın uğurlu innovasiya siyasətindən bəhs edib. O, Koreya təcrübəsinə olan yüksək münasibətə görə təşəkkürünü bildirib, KOICA-nın Yüksək Texnologiyalar Parkının qarşıya qoyduğu vəzifələri həyata keçirməsində dəstəkləməyə hazır olduğunu vurğulayıb. 

 

Görüş zamanı əməkdaşlıq istiqamətləri və gələcək planlar müzakirə edilib.