Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və partiyanın fəal üzvləri ilə görüş keçirilib.

 

UNEC-in rektoru, professor Ədalət Muradov gəncləri ali təhsil ocağında yaradılan şəraitlə tanış edib.  Öncə “UNEC şəhidləri” yeni memorial kompleksi ziyarət olunub. 24/7 kitabxana, UNEC Ekstern Mərkəzi, Oxu zalı, Yunus Mərkəzi, muzeylə tanışlıqdan sonra görüş akt zalında davam edib.

 

Rektor gənclərə universitetdəki yeniliklərdən, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Dünyanın 13 ölkəsində tanınan UNEC brendinin öz mövqeyini gücləndirərək beynəlxalq QS reytinqində yer aldığını xüsusi vurğulayıb.

 

Ə.Muradov tələbə mərkəzli universitetin yaradılmasından, ali təhsil müəssisələrinin rəqəmsallaşdırılmasından, yeni dövrün çağırışlarından da danışıb, rəqəmsal təhsilə keçidin qaçılmaz olduğunu bildirib. Gənclərə biliklə yanaşı, peşə kompetensiyalarına yiyələnməyi, innovativ layihələrlə çıxış etməyi məsləhət görən rektor UNEC-in gənclərin təşəbbüslərinə daim açıq olduğunu bildirib.

 

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov universitetdə imza atılan  yeniliklər fonunda hədəflərə qısa zamanda nail olunacağından əminliyini ifadə edib,   fəal gənclər arasında UNEC-in  tələbə və məzunlarının çoxluq  təşkil edəcəyini deyib: “YAP Gənclər Birliyinin  yeni formalaşmış tərkibində UNEC-in  məzunları çoxluq təşkil edir. Bu göstərici bir çox məqamları özündə ehtiva edir. Universitetdə yaradılan şərait, səsləndirdiyiniz  çağırışlar gənclərə diqqət və qayğının təzahürüdür.  Gənclərə belə şəraitin yaradılması onların üzərinə böyük məsuliyyət qoyur. Onlar bu imkanlardan bəhrələnərək daha artıq  bilik qazanmaq,  gələcəkdə ölkənin inkişafına töhfələr vermək imkanındadırlar”.

 

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, universitetlə əməkdaşlığın yeni layihələrin icrası ilə  davam etdiriləcəyinə əminlik ifadə olunub.