Gəncə Dövlət Universitetində “İnsan alverinin qurbanı olmayaq”  mövzusunda onlayn maarifləndirici tədbir keçirilib.

 

Universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva dünyada ciddi problemə çevrilən insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb. Bildirib ki, tədbirin məqsədi bu sahədə gənclərin məlumatlılığını artırmaq, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedurlar və şərtlərlə tanış etməkdir.

 

G.Fətəliyeva Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən geniş miqyaslı tədbirlər həyata keçirildiyini diqqətə çatdıraraq gəncləri hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq durmağa çağırıb.

 

Universitetin fakültələrində təşkil olunmuş tədbirlərdə çıxış edənlər bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə yönündə  həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

 

Sonda tələbələrə ətrafda bu kimi halların baş verməsinə diqqətli olmaq və aidiyyatı qurumları məlumatlandırmaq tövsiyyə edilib.