İyunun 22-də təhsil naziri  Emin Əmrullayev Bakı Ali Neft Məktəbini (BANM) ziyarət edib.


İlk olaraq Bakı Ali Neft Məktəbinin tədris kampusuna, Ali Məktəbin maddi-texniki bazasına, sosial infrastrukturuna baxış keçirilib.


Təhsil naziri BANM-da yaradılmış tədris şəraiti və tədqiqat mühiti ilə yaxından tanış olub, tədris otaqlarına, tədqiqat laboratoriyalarına baxış keçirib.


Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədris şəraiti, tələbələrə yaradılan imkanlar, həyata keçirilən tədqiqat işləri barədə nazirə ətraflı məlumat verib.


Daha sonra Emin Əmrullayev BANM-ın tələbə, professor-müəllim heyəti ilə görüşüb.


Bakı Ali Neft Məktəbində yaradılan tədris mühitindən məmnunluğunu ifadə edən təhsil naziri bildirib ki, illərdir bu təhsil müəssisəsi qəbul göstəriciləri, Prezident təqaüdçülərinin sayı ilə liderliyini qoruyub saxlayır. Təhsil üçün yaradılan şərait intellektual kontingentə tam uyğundur. Bu o deməkdir ki, Azərbaycanda təhsil alıb, savadlı, bacarıqlı olmaq üçün hər bir şərait yaradılıb. Tələbələrə savad, biliklə yanaşı, bacarıqların da aşılanmasının tərəfdarı olduğunu diqqətə çatdıran təhsil naziri yerli əmək bazarında kadr potensialının gücləndirilməsi üçün BANM-da yeni ixtisasların açılmasının vacibliyini vurğulayıb.


Rektor Elmar Qasımov da öz növbəsində rəhbərlik etdiyi təhsil müəssisəsinin yüksəkixtisaslı, ingilisdilli kadr yetişdirmək missiyasını bundan sonra da uğurla davam etdirəcəyini qeyd edib.


Daha sonra Emin Əmrullayev distant təhsil, əlavə ixtisas dərslərinin alınması, tələbə və şagirdlərin biliyinin qiymətləndirilməsi metodologiyası, buraxılış, qəbul, semestr imtahanları və digər mövzularda sualları cavablandırıb.

 

Sonda Emin Əmrullayevə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.