Uzun illərdir Mərkəzi Nəbatat Bağında dekorativ qızılgüllərin introduksiyası, seleksiyası və kolleksiya genofondunun yaradılması istiqamətində tədqiqat işləri aparılır. Hazırda Bağın kolleksiyasında qızılgülün introduksiya olunmuş 594 sort, seleksiya və hibridləşdirmə üsulu ilə alinan 31 sort və 900-dən artıq hibrid formaları toplanılıb. Yeni yaradılmış sortlardan üçü - “Əsrin müqaviləsi, “Sarı gəlin”, “Nazpəri” hələ 2008-ci ildə Kənd Təsərrüfatı Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası tərəfindən yüksək qiymətləndirilib, Dövlət Reyestrinə daxil edilib və müəllifi Çiçəkçilik laboratoriyasının rəhbəri, dosent Asəf İsgəndərova patent və müəlliflik şəhadətnamələri verilib.

 

Dekorativ bitkilər üzrə seleksiyaçı alimlərin yetişdirdikləri daha yeddi sort: “Abşeron simfoniyası”, “Şərqin səhəri”, “Akademik Həsən Əliyev”,  “Akademik Cəlal Əliyev”, “Professor Lütfi Zadə”, “Leyla”, “Qara gilə” Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən yeni seleksiya nailiyyəti kimi qiymətləndirilib, 2021-ci ilin Dövlət Reyestrinə daxil edilib, müəllifləri- dosent Asəf İsgəndərova, biologiya üzrə fəlsəfə doktoru Ofeliya Qafarovaya patent və müəlliflik şəhadətnamələri verilib.

 

Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasında dekorativ bitkilərin seleksiyası istiqamətində tədqiqatlar davam etdirilir.