Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, dosent Səidə Zeynalovanın rəhbərliyi, institutun doktorantı Lətafət Məhərrəmli və dosent Mirnuh İsmayılovun iştirakı ilə may-iyun aylarında Muğan düzünün aqroekosistemlərinin tədqiqi məqsədi ilə əraziyə elmi ekspedisiya təşkil edilib.
Ekspedisiya zamanı Muğan düzündə geniş yayılmış müxtəlif tipli aqroekosistemlərin formalaşma xüsusiyyətləri, dinamikası, onların idarə olunması öyrənilib. Bu əsasda kartoqrafik modelləşdirmə və iri miqyaslı (1:25 000, 1:100 000) tematik xəritələr tərtib olunub.
Xəritələrin və çöl tədqiqat materiallarının kameral təhlilindən məlum olub ki, son 50-70 il ərzində tədqiq edilən ərazidə yeraltı suların səviyyəsi əsas fon landşaftlarında 2-3 dəfə qalxıb və aqroekosistemlərin inkişafı üçün risk yaradan səviyyəyə çatıb. Problemlərin yaranmasında əsas səbəb bu dövrdə suvarma sularının düzgün idarə edilməməsi, müasir suvarma sistemlərinin tətbiq olunmamasıdır. Çöl materialları əsasında aqroekosistemlərin kartoqrafik modellərinin yaradılması gələcəkdə əsas ekoloji problemlərin həllinə kömək edəcəkdir.