Azərbaycan Respublikasının Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə “Enactus regionlarda” layihəsinin ilk təlimlər sessiyası uğurla başa çatıb.

 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən təlimlərin açılış mərasimində universitetin elmi işlər üzrə prorektoru Ramin Məmmədov, “Enactus Azərbaycan”ın ölkə üzrə proqram direktoru Orduxan Qəhrəmanzadə və KOBİA-nın Gəncə-Qazax regionu üzrə koordinatoru Anar Əliyevin çıxışları olub.

 

Açılış mərasimindən sonra layihənin koordinatoru Rəşad Zeynalovun “Sahibkarlığın əsasları və Enactus” mövzusunda çıxışı dinlənilib. Sessiyanın ilk günü ADAU-nun İnnovasiyalar Mərkəzinin koordinatoru Elvin Ağayevin moderatorluğu ilə “Canvas biznes modeli” mövzusunda keçirilən təlimlə yekunlaşıb.

 

Gəncə KOB İnkişaf Mərkəzinin direktoru Rəvan Cəfərli tərəfindən “Biznesin vergi və hüquqi aspektləri”, biotexnologiyalar üzrə mütəxəssis Elgün Mahmudov tərəfindən “Təqdimat və nitq mədəniyyəti” və ADAU-nun mühasibat uçotu və audit üzrə baş müəllimi İsa Şəfiyev tərəfindən “Karyera və şəxsi inkişaf” mövzularında keçirilən təlimlər sessiyası ilə layihənin 2-ci günü uğurla başa çatıb.

 

Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanın fərqli bölgələrinə səfərlər təşkil olunacaq, gənclərə sahibkarlıq bilik və bacarıqları aşılanacaq, onların regionların inkişafına töhfə vermələri üçün zəmin yaradılacaq.