Bakı Mühəndislik Universitetində (BMU) “Şuşa Bəyannaməsinin tarixi və strateji əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin böyük tarixi və strateji əhəmiyyətə malik olduğu vurğulanıb. Bildirilib ki, iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldıran Bəyannamə gələcək üçün müttəfiqlik münasibətlərinin siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirir.
Toplantıda çıxış edən pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Qələbəyə toxunub və müharibədən ötən 7 ay ərzində cərəyan edən, ölkəmizin gələcəyi üçün olduqca vacib prosesləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin azad olmuş torpaqlardakı quruculuq işlərinə, infrastrukturun qurulması, həmin ərazilərin minalardan təmizlənməsi, sərhədlərin dəqiqləşdirilməsi və erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən bəhs edib.
Tarixi Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışan E.Abdullayev indiyə qədər Azərbaycan və Türkiyənin bir-birlərini bütün sahələrdə, o cümlədən hərbi sahədə dəstəklədiklərini qeyd edib, Bəyannamənin gələcək əlaqələri daha yüksək səviyyəyə qaldıracağını bildirib. Dekan Şuşa Bəyannaməsinin Azərbaycan xalqının Qurtuluş Gününə və “Qars müqaviləsi”nin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi önəmini də vurğulayıb.
Ümumi fənnlər kafedrasının müdiri, dosent Bilal Dədəyev Şuşa Bəyannaməsinin 44 günlük müharibədən sonra imzalanan, həm Azərbaycan, həm də Türkiyə üçün çox böyük əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olduğunu bildirib. O, çıxışında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarını xatırlayaraq imzalanan Bəyannamə ilə Azərbaycan-Türkiyə münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğunu qeyd edib.
Tədbirdə BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Amil Abdullayev, Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ləman Şərifova, Tələbə Elmi Cəmiyyətinin sədri Vüsalə Şahbazova və BMU-nun Riyaziyyat və informatika kafedrasının müdiri, dosent Hümbət Əliyev mövzu ətrafında çıxışlar ediblər.