Sübhan Namazov: “İstehsalat sifarişçi rolunu yerinə yetirməli, biz isə icraçı olmalıyıq”


Ali məktəbin üzərinə düşən vəzifə ondan ibarət deyil ki, hamı yüksək səviyyəli mütəxəssis olsun. Bəs, ali təhsilin vəzifəsi nədir?

 

Hələ də müqayisə etməyimizə baxmayaraq, sovet təhsil sisteminin tənəzzülə uğradığı və tarixin arxivinə gömüldüyü danılmaz faktdır. Müasir təhsil standartlarında sovet təhsilindən kiçik bir qırıntının da qalmadığını nəzərə alsaq, keçmişə boylanmaqdan vaz  keçib müasir təhsilin tələblərini mənimsəməliyik. Böyüməkdə olan  nəslə nə öyrədəcəyimizi düzgün müəyyənləşdirməliyik. Uşaqlar nəyi bilməlidirlər ki, ali təhsil müəssisəsinə daxil olsunlar? Universitetdə oxuyan tələbəmiz nə öyrənməlidir ki, yaxşı mütəxəssisə çevrilsin?

 

Bu suallar xüsusən texniki təhsil sahəsində mühüm əhəmiyyət kəsb edir. Sovet təhsil sistemindən köklü surətdə fərqlənən müasir təhsil sisteminin tələblərinə cavab verə bilirikmi? Texniki ixtisaslar üzrə kadr hazırlığında harada axsayırıq? Kadrlarımızın çatışan və çatışmayan cəhətləri nələrdir? Qanunvericilik bazası müasir təhsil standartlarını tətbiq etmək üçün nə qədər zəmin hazırlaya bilir? Bu və digər məsələlərlə bağlı ölkəmizdə texniki kadr hazırlığı sahəsində ən böyük təhsil müəssisələrindən birinin - Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov “Azərbaycan müəllimi” qəzetinin suallarına cavab verir.

 

- Qısa zaman öncə prorektor təyin olunmusunuz. Amma artıq yeniliklərə başlamısınız...

 

- Bizim üçün yenilik olsa da, əslində, bu islahatlar çoxdan reallaşdırılmalı idi. Azərbaycan Texniki Universitetində üç şöbədən ibarət Beynəlxalq Əlaqələr Departamenti yaradılıb. Departamentin fəaliyyətinə beynəlxalq əlaqələr üzrə prorektor rəhbərlik edir. Yəni, departamentin fəaliyyəti mənim kurasiyamdadır. Hesab edirəm ki, hələlik xidmətin işi qaneedici deyil. Qaneedici səviyyəyə çatması üçün də hələ görüləcək iş çoxdur. Bilirsiniz, xarici ölkələrdə bu istiqamətə çox böyük diqqət göstərildiyindən orada sözügedən xidmət həddən artıq güclüdür. Ona görə ki, universitetin əsas imici, gələcək inkişafı, dünya miqyasında tanınması, gənclərin universitetə cəlbi, elmi-innovativ ideyaların, texnologiyaların xaricə çıxışı məhz bu sahənin inkişafından asılıdır. Elə xarici ölkələrdə də bu istiqamət beynəlxalq əlaqələr üzrə prorektorun kurasiyasında olur. Hətta xarici ölkələrdə elə universitetlər var ki, daxili məsələlərə, tədrisə fikir vermirlər. Çünki standart məsələlərdir, müvafiq sənədlərlə icra olunur. Amma bu, yaradıcı yanaşma tələb edir. Bir sözlə, bu sahə çox vacibdir və vacib olmaqla yanaşı, universitetə də müsbət imic qazandırır.

 

- Bu sahədə təcrübəli şəxs kimi, Azərbaycanda texniki ali təhsilin təşkilində vəziyyəti necə dəyərləndirirsiniz?

 

- Texniki ali təhsil müəssisəsi digər ali təhsil növlərindən fərqlənir. Tutaq ki, filologiya mütəxəssisinin hazırlanması üçün maddi-texniki baza bir o qədər də lazım deyil. Müəllim, auditoriya, kitablar, lövhə kifayətdir ki, çox güclü filoloq hazırlamaq mümkün olsun. O cümlədən hüquqşünas, yaxud tərcüməçi hazırlığı da böyük texniki baza tələb etmir. Amma texniki ali məktəblərdə mütəxəssis hazırlamaq üçün maddi-texniki baza əsas şərtdir. Bilikli, dinamik düşünmə qabiliyyətinə malik kadrlar, yaradıcı kollektiv hazırlanmalıdır. Kadrlar isə qısa zamanda, bir ilə, beş ilə deyil, iyirmi il ərzində yetişir, sonra səmərə verir. Bu mənada texniki ali məktəblərdə inkişaf strategiyası ayrıca işlənməlidir.

 

200 balla ali məktəbə daxil olan tələbə yaxşı mühəndis ola bilər

 

- Bəs təhsilin keyfiyyətini təmin etmək, yüksək ixtisaslı peşəkar mütəxəssislər hazırlamaq üçün nə tələb olunur?

 

- Texniki ali məktəblər üçün mütəxəssis hazırlığının spesifik cəhətləri var. Məsələn, ixtisaslar üzrə  tələbə hazırlığı başa çatana qədər biliklər köhnəlir. Deməli, elə planlaşdırmaq lazımdır ki, kadr ali məktəbi bitirəndən sonra da öz biliklərini yeniləşdirmək imkanına malik olsun. Bundan ötrü ali məktəblər qısamüddətli təlimlər təşkil etmək imkanına malik olmalıdır. Azərbaycandakı hansı ali məktəb bunu edir? Heç biri. Azərbaycan sənayesi inkişaf edir, ali məktəb isə ağır addımlarla onun arxasınca gedir. Bu, doğru deyil. Problemlər əsaslı şəkildə araşdırılmalı, strateji planlar işlənməlidir. Özü də yaxın 30-50 ilə hesablanmalıdır, 1-2 ilə yox. Hesab edirəm ki, texniki ali məktəblərin üzərinə düşən yük digər ali məktəblərin üzərinə düşən yükdən dəfələrlə çoxdur. Çünki texnika geri qalanda, sənayemiz, iqtisadiyyatımız da geri qalacaq. Nəticədə gəlirimiz azalacaq, bir ölkə kimi öz simamızı göstərə bilməyəcəyik.

 

- İxtisaslar üzrə tələbə hazırlığı başa çatana qədər biliklər köhnəlir, deyirsiniz. Bəs, 4 illik bakalavr pilləsində tələbə hansı səviyyəyə uyğun hazırlanmalıdır?

 

- Bakalavr təhsili ümumi biliklər vermək üçündür: riyaziyyat, fizika və başqa baza fənlərini oxumaq lazımdır. Dövrün tələb etdiyi ixtisas üzrə əsas fənləri oxuyub mənimsəməlidir ki, istehsalata gedəndə başqalarından geri qalmasın.

 

Texnologiya mütəmadi yenilənir. Ondan baş çıxartmaq üçün universitet təhsili kifayət deyil. Ona görə də tələbəyə əsas məsələləri öyrətməliyik ki, cəmiyyətin sonrakı inkişafında o, öz üzərində işləyə, öyrəndiklərini genişləndirə və ya yeniləyə bilsin. “Onsuz da köhnələcək”, - deyib heç oxumamaq, öyrənməmək doğru olmaz. Ya da ki, sadə hesab etdiyin üçün onu bir kənara atıb mürəkkəbdən yapışmaq insanı yarı yolda qoya bilər.

 

Almaniyada bir universitetdə olduq. Auditoriyada “Jiquli” mühərrikini görüb təəccübləndik. İzah etdilər ki, həmin mühərriklərin iş prinsipini tələbə görür. Müasir mühərriklər elektron olduğundan onun necə işlədiyini tələbəyə göstərə bilmirlər. Biz təhsildə bunu edə, bu cür öyrədə bilmirik. Düzdür, 10 il sonra bu sahədə xeyli irəliləyəcəyik. Ancaq səhvə də yol vermək olmaz. Çünki ali təhsil sistemi öyrənilməsi, metodikası mürəkkəb bir sahədir. Buraxılan adi səhv bir müddət sonra daha ciddi fəsadlarla qarşımıza çıxa bilər. Ancaq səhv etməkdən qorxub geri də çəkilə bilmərik. Azərbaycan sənaye ölkəsi olduğu üçün bunu əvvəl-axır etməliyik. Türkiyənin inkişaf tendensiyasına baxın. 80-ci illərdə bu ölkənin keçdiyi yol başqa ölkələrin 50 ildə keçdiyi yola bərabərdir. Təkcə texnologiyaların tətbiqi hesabına Türkiyə iqtisadi sıçrayışa nail oldu. Tekstil, maşın sənayesinə, ümumiyyətlə, bütün sahələrə texnologiyanın tətbiqi sayəsində böyük inkişafa nail olundu. Biz də bəzi sahələrdə başqa ölkələrdən geri olduğumuzu qəbul etməliyik. Ali məktəblərimiz böyük texnologiyalar yaratmaq iqtidarında olmadığından bizim texnologiya ölkəsinə çevrilməyimiz mümkün görünmür. Ancaq mövcud olan texnologiyalardan səmərəli istifadə edə bilərik. Ölkəmizdə inşaat sektoru inkişaf edib. İnşaat materiallarının istehsal texnologiyaları niyə Azərbaycanda olmamalıdır ki? Yaxud maşınqayırma sənayesi inkişaf etməlidir. Çünki metallurgiya sənayesi inkişafdadır. Sadəcə maşınqayırma sənayesi də deyil, digər məişət sahəsi texnologiyaları da inkişaf etməlidir. Deməli, lazımi inkişaf tsikli yaranmalıdır. Bu da həm iş yeri deməkdir, həm də vergi. Yəni gələcək üçün böyük inkişaf perspektivi deməkdir. Bunu da ali məktəblər yerinə yetirməlidir. Dünya ali məktəbləri üçün inkişaf strategiyasına nəzər salaq: böyük sənaye sahələri ali məktəblərin inkişafına məqsədli şərait yaradırlar. Məsələn, Almaniyada 500 minə yaxın mühəndisə ehtiyac var. Çünki sənaye sahələri inkişaf etdikcə, işçi qüvvəsinə tələbat artır. Nəticədə orta səviyyəli mühəndis orada iş tapa bilir.

 

- Kimdir orta səviyyəli mühəndis? Müasir təhsil standartları bir mühəndisdə hansı özəlliklər tələb edir?

 

- Mühəndis hazırlığı böyük maddi vəsait aparan sahədir. Üstəlik, həm əziyyət tələb edir, həm də müxtəlif biliklərin məcmusunu. Yaxşı mühəndis kimi yetişməkdən ötrü insan riyazi biliyə sahib olmalı, fizika və kimyadan baş çıxartmalı, yaradıcı olmalıdır.

 

- Amma mühəndis olmaq üçün nə yüksək bal tələb olunur, nə də çoxlu pul. Kadr hazırlığı, dediyiniz kimi,  bahalı və əziyyətli olsa da, təhsil haqqı elə də yüksək deyil.

 

- Bu, sadəcə bizdə belə deyil. Almaniya kimi ölkədə də belə bir tendensiya var. Ümumiyyətlə, bütün dünyada insanlar üçün prestijli ixtisaslar hüquqşünaslıq, tibb ixtisaslarıdır. İnsanlar əziyyət çəkmək istəmirlər. O adam mühəndis olmaq istəyir ki, bu sahədə bir dünyagörüşü, ailədən gələn ənənələri var. Və ancaq mühəndis olandan sonra anlayırlar ki, bu ixtisas nə qədər lazımlıymış.

 

- Halbuki tibb ixtisasları üzrə ali məktəbə daxil ola biləcəyinə inanmayanlar mühəndis olur...

 

- Mühəndis olmur. Boş olan yerə iddia edir və məcburiyyətdən bu ixtisas üzrə tələb edilən şərtləri ödəməyə çalışır. Düşünürəm ki, bu sahədə tələblər artırılsa, daha biliklilər gələcək. Elə götürək sovetlər dönəmini. 2 imtahandan “5” qiyməti ilə, yaxud 20 balla “Avtomobil nəqliyyatı” ixtisasına daxil ola bilmirdilər. Oxumaqda tələb artırılsa, 200 balla ali məktəbə daxil olan tələbə yaxşı mühəndis ola bilər. Qəbul etməliyik ki, insan bir il hazırlaşmaqla 500 bal toplayır. Bu, onun biliyinin 500 ballıq olduğu anlamına gəlmir. İnsanın düşüncəsi, yaradıcılıq qabiliyyəti imkan verirsə, 200 balla ali məktəbə daxil olan tələbə yaxşı mühəndis ola bilər.

 

- Olurlarmı?

 

- Əlbəttə. Dünyanın müxtəlif ölkələrinin sənaye sahələrində işləyən azərbaycanlılar var. Başqa bir məqam da var. Ali məktəbin bakalavr, hətta magistratura pilləsini bitirib, ancaq bu diplomunu bir tərəfə qoyub 3-4 ay kurs keçərək rahat iş tapanlar da çoxdur. O zaman soruşuram: necə olur bizim universiteti bitirir, heç nəyə nail ola bilmir, ancaq başqa ölkədə kurs keçməklə yaxşı mütəxəssis olurlar? Cavab verirəm: çünki başqa yerlərdə onlara lazım olanı öyrədirlər. İnsana lazım olan nədir? Mühəndis olmaq üçün kadr nəyi bilməlidirsə, ancaq onu öyrənməlidir. İlk növbədə insana balıq tutmağı öyrətmək lazımdır. Hansı şəraitdə, necə, harada tutacağını özü müəyyənləşdirər. Yəni, insana bir şeyin əsasını öyrədə bildinsə, sonrakı inkişafı üçün bünövrə hazırladın deməkdir. Sonradan həmin şəxs özü inkişaf edəcək. Başqa sözlə, ali məktəblər tələbəyə gələcəkdə sabit vəziyyətdən necə yararlanacağını öyrətməlidir. Biz isə belə etmirik. Çox maksimalistik. Tələb qoyuruq ki, insan hər şeyi öyrənməlidir. Dünyanın böyük ali məktəbləri belə tələb qoymur. İnsan çox şey öyrənməyə qabildir. Amma onu düzgün öyrətmək lazımdır. Çox yükləməklə öyrətmək olmaz. Rasional bilik vermədiyimiz üçün əldə etdiyimiz nəticə də uğursuz olur. Orta məktəb insana bilik verir. İnformasiya biliyi və kompetensiyaları ali məktəb ötürür. Odur ki, ali məktəb pilləsində insan nə qazanacaqsa, informasiya hesabına əldə edir. Həmin pillədə tədrisi nəzərdə tutulan və uzun illərdir həyata keçirilən 1000 səhifəlik kitablar var. Onların tədrisinə cəmi 30 saat vaxt ayrılıb. Bu, hər yerdə, lap Amerikada da belədir. Deməli, 15 dəfə görüşməklə biz 1000 səhifəlik kitabı tələbələrə mənimsədə bilmərik. Biz onlara həmin kitabdan yararlanma yollarını öyrədə bilərik. Bəzən deyirlər ki, ali məktəbi bitirib, amma heç nə bilmir. Bilməməlidir. Yaponiyada da belədir. Bu ölkədə dünən auditoriyadan çıxan tələbəyə heç kim “mühəndis” demir. Həmin ixtisas üzrə bakalavr təhsili alan şəxs 2 illik əlavə təhsil alır. 7 il işləyir və mühəndislik imtahanı verdikdən sonra onu “mühəndis” adlandırırlar. Hesab edirəm ki, mühəndislərə təhsil aldıqdan və bir neçə il işlədikdən sonra diplom verilməlidir. Azərbaycanda bu gün parta arxasından qalxanlar “mən mühəndisəm, hər şeyi bilirəm” deyirlər. Bu iddia ilə istehsalata çatanda məlum olur ki, sən demə, heç nə bilmirlər. Universitet istehsalatda lazım olan hər şeyi öyrətməyi üzərinə götürməyib. Doğrudur, Avropa ölkələrində çalışırlar ki, istehsalatın problemlərini önləsinlər. Ancaq pessimizmə qapılıb bizim tələbələrin heç nə bilmədiyini söyləmək doğru deyil. Bu gün universiteti orta səviyyədə bitirən şəxs dil öyrəndikdən sonra Avropaya, xüsusən Almaniyaya gedərək təhsilini orada çox rahatlıqla davam etdirir, istehsalatda da işləyir. Axırda Almaniya onları öz ölkəsinə qayıtmağa buraxmır. Bəs, bu, necə olur? O, bizim bəyənmədiyimiz təhsillə gedib axı. Gənclərin bu istiqamətdə böyük uğurları var. Almaniya, Amerika kimi ölkələrdə gedib özünü doğruldan məzunlarımız çoxdur.

 

- Elə isə kadrların çatışmayan cəhəti nədir?

 

- Praktik biliyinin olmaması. Müxtəlif ölkələrdə olmuşam və müşahidələrim nəticəsində bu qənaətə gəlmişəm ki, sovet təhsil sistemi fundamental biliklər verirdi. Amma həmin biliklər istehsalatda, sənayedə texnikanın idarə olunmasına çatmır,  xarici ölkələrin sənayesinə daha tez çıxırdı. Çünki Avropada, Amerikada qüvvədə olan təhsil sistemi daha çox praktik biliklər verirdi. Bizim universitetin də bakalavr pilləsini bitirən kifayət qədər kadrımız var ki, magistr pilləsini xarici ölkələrdə, konkret olaraq Almaniyada tamamlayan kimi iş tapır. Ən böyük problemimiz odur ki, aldığımız biliklər praktik deyil. Çox şey öyrətməyə çalışır, az şey öyrədirik, nəzəri bilik veririk. Verdiyimiz biliyin istehsalatda praktik biliyə çevrilməsi isə zaman tələb edir. Biz praktik biliklər vermək uğrunda mübarizə aparmalıyıq. Buna da “rasional bilik”, “lazım olan bilik” deyirlər. Ona görə həmişə istehsalatçılara da təklif edirik ki, nə öyrətmək lazım olduğunu, kadrlarda hansı keyfiyyətləri axtardıqlarını bizə desinlər. Onlar tələblərini bildirməli, ali məktəblər də həmin tələblərə uyğun kadr yetişdirməlidir.

 

İstehsal müəssisələri gəlirinin müəyyən hissəsini ali məktəblərin inkişafına ayırmalıdır

 

- Maraqlıdır, istehsalatdan operativ tələb ala bilirsinizmi?

 

- Sistemli olmasa da, bəli, tələblər var və biz onu ödəməyə çalışırıq. Universitetimizdə bəzi ixtisaslar üzrə bu əməkdaşlığı qura bilmişik. Məsələn, müdiri olduğum “Metallurgiya və metalşünaslıq” kafedrasının işində isrehsalat müəssisələrinin tələb etdiyi səviyyədə bilik verə bilmək üçün müxtəlif yollara əl atmışıq. İstehsalat müəssisələrinin əsas tələb kimi irəli sürdüyü ixtisasın proqramını onlara yazdırmışıq. Elmi dərəcəsi olan bir mütəxəssisi, istehsalat rəhbərini müəllim götürərək həmin dərslərin keçirilməsini təmin etmişik. Amma bu, bizim təcrübəmizdə olduğu kimi, epizodik xarakter daşımamalı, ənənəyə çevrilməlidir. İstehsalat sifarişçi rolunu yerinə yetirməli, biz isə icraçı olmalıyıq. Belə olanda bizə ehtiyac hiss edəcəklər.

 

- Bunun üçün nə tələb olunur?

 

- İlk növbədə qanunvericilikdə dəyişiklik edilməlidir. Son illər Təhsil Nazirliyi tərəfindən bununla bağlı xeyli iş görüldü. Qanunvericilikdə demək olar ki, baza formalaşdırılıb və reallaşdırılması üçün önəmli addımlar atılır. Məsələn, Təhsil Nazirliyinin təşkilatçılığı ilə son bir ildə dəfələrlə tələbələrin, məzunların istehsalatçılarla, zavod, holdinq rəhbərləri ilə görüşünün şahidi olmuşuq. Bəzi tələbələrə təhsil aldıqları müddətdə şirkətlər tərəfindən təqaüd verilir, onların tədqiqat aparması üçün şərait yaradılır. Lakin bunlar yetərli deyil. Düşünürəm ki, Qərb ölkələrində də olduğu kimi, istehsal müəssisələri gəlirinin müəyyən hissəsini ali məktəblərin inkişafına ayırmalıdır. Bu, onların qarşısında vəzifə kimi qoyulmalı, əvəzində həmin şirkətlərə bəzi güzəştlər tətbiq edilməlidir.

 

- Qeyd etdiniz ki, mühəndislik ixtisasını seçənlər kifayət qədər yaradıcı olmalıdır. Texniki ali təhsil müəssisələrinə yüksək səviyyəli, yaradıcı abituriyentləri cəlb etmək üçün təklifiniz varmı?

 

- Məncə, motivasiya tədbirləri həyata keçirilməlidir. İstehsalat motivasiyada birinci məsələdir. İstehsalat yoxdursa, texniki ali məktəb kimə lazımdır. Bir vaxtlar sənaye sahələri dağılmışdı, ali məktəblərdə sırf bu səbəbdən geriləmə müşahidə edilirdi. Artıq vəziyyət sabitləşib və ali məktəblər dirçəlməyə başlayıb. Çünki həmin sahələrdə iş yerləri yaranır. Bundan başqa, texniki ali təhsilin problemlərini həll etməkdə motivasiyadan da önəmli maarifləndirmədir. İxtisas seçənlər bilmir ki, informasiya texnologiyalarına getsə yaxşıdır, yoxsa maşın mühəndisliyinə.

 

Texniki Universitetinin 20 min tələbə hazırlamaq potensialı var

 

- Gənclərin universitetlərə axınını artırmaqda, xarici ölkələrdən tələbə cəlb etməkdə təhsil haqqı məsələsi nə qədər rol oynayır?

 

- Kütləvilik olanda təhsil haqqını azaltmaq mümkündür. Lakin indiki halda tələbələrin ödədiyi təhsil haqqı texniki ali təhsilin təşkilinə imkan vermir. Bu gün tələbədən alınan təhsil haqqı müəllimlərin əməkhaqqının ödənilməsinə ancaq çatır. Halbuki böyük problemləri böyük layihələr vasitəsi ilə həll edə bilərik. Başqa sözlə, bunu hər hansı təşkilat, şirkətlər, yaxud dövlətdən ayrılmış layihələr hesabına etmək olar.

 

- Azərbaycandan hər il yüzlərlə gənc təhsil almaq məqsədilə xaricə üz tutur. Sırf təhsil haqqı ucuz, yaxud qəbul olunmaq asandır deyə milyonlarla vəsait Azərbaycanın deyil, başqa ölkə universitetlərinin büdcəsinə daxil olur. Bu axını necə dayandırmaq olar?

 

- Azərbaycan Texniki Universitetinin 20 min tələbə hazırlamaq potensialı var. Biz onun yarısını hazırlayırıq. Yerdə qalan hara gedir? Qəbul etmədiyimiz həmin aşağı ballı gənclərin əksəriyyəti Türkiyə ali təhsil müəssisələrində oxuyur. Məlumata görə, hazırda sadəcə Türkiyə ali təhsil müəssisələrində 13-14 min azərbaycanlı təhsil alır. 3-4 min tələbə Xarkovda oxuyur. Hələ başqa şəhərləri demirəm. Niyə gedirlər? Çünki buradan aldığı attestatla Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrin universitetlərinə qəbul olunub oxuya bilirlər. İnanıram ki, oxuduqları müddətdə də çox şey öyrənirlər. Bizim ali məktəblərdə də belə imkanın yaradılması müsbət nəticə verər. Özü də, sadəcə, ölkə vətəndaşlarının təhsilə əlçatanlığını təmin etmək üçün yox, həm də başqa ölkələrdən tələbə cəlb etmək üçün. Bunun üçün texniki ali təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və kadr potensialının gücləndirilməsi istiqamətində ciddi addımlar atılmalıdır. Müxtəlif təlim texnologiyalarını mənimsəməli, bunun üçün də mərhələlərlə dil bilgiləri olan kadrlar formalaşdırılmalıdır.Yalnız bundan sonra əlavə tələbə cəlbi barədə düşünmək olar. Elə bir şərait yaratmaq olar ki, AzTU xarici ölkələrdən tələbə yığa bilər. Xüsusən, Yaxın Şərq bu sahədə böyük bir bazardır. Suriya, Əfqanıstan, Pakistan və başqa ölkələrdən çoxlu tələbə cəlb edə bilərik. Ancaq bunun üçün xarici dildə dərslər təşkil edilməli, kadrlarımız olmalıdır. Bunları təmin etdikdən sonra Azərbaycan təhsil sahəsində brend ölkəyə çevrilə biləcək.

 

Ruhiyyə DAŞSALAHLI