Müsabiqə qalibləri mükafatlandırılıb


İyunun 28-də Təhsil Nazirliyində “Azərbaycan müəllimi” qəzeti və “Bank of Baku”nun birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilən yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

 

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, “Bank of Baku” ASC İdarə Heyətinin sədri Eldar Həmidov, münsiflər heyətinin üzvləri, qaliblər və KİV təmsilçiləri iştirak edib.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin ölkəmizdə geniş qeyd edildiyini, bu məqsədlə müxtəlif tədbirlər keçirildiyini və keçirilməkdə olduğunu deyib.

 

AXC-nin fəaliyyətinə ən yüksək qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini deyən nazir müavini ümummilli liderin qeyd etdiyi kimi, nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaq AXC-nin dövlət və ordu quruculuğu istiqamətində atdığı ilk addımlardan, təhsil sahəsində həyata keçirdiyi tədbirlərdən danışıb: “Cümhuryyət yarandıqdan sonra bütün sahələrdə olduğu kimi təhsildə də bir çox mühüm hadisə baş verdi. İlk dəfə Xalq Maarif  Nazirliyi yarandı. Və məhz bu nazirliyin vasitəsi ilə ilk təhsil ocaqları yaranmağa başladı. Maarif sisteminin milliləşdirilməsi prosesində meydana çıxan müəllim kadrlarının çatışmazlığını  aradan qaldırmaq, müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edildi və bu kurslar vasitəsilə ilk müəllim kadrların formalaşdırılması prosesi başlandı. Maarif  Nazirliyi Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müstəqil seminariya kimi Qazaxa köçürülməsinə də imkan yaratdı, biz Qazaxda ilk müəllim kadrlarının hazırlanmasına nail olduq”.

 

Müsabiqənin keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirən və onun təşkilində əməyi olan “Bank of Baku”nun və “Azərbaycan müəllimi” qəzeti redaksiyasının rəhbərliklərinə, əməkdaşlarına təşəkkür edən F.Qurbanov yazı müsabiqəsinin keçirilməsində məqsədin Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurları, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rolu, həyata keçirilən böyük islahatları göstərmək olduğunu bildirib.

 

Müsabiqənin Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsindəki fəaliyyətinə həsr olunduğunu qeyd edən nazir müavini tədbirin ilk müstəqil respublikamızın bu sahədə atdığı addımların öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

 

Bildirilib ki, yazıların təqdim edilməsi üçün ayrılmış bir ay müddətində Təşkilat Komitəsinə 305 yazı daxil olub. Müsabiqəyə 47 şəhər və rayonun müəllimləri qatılıb. Seçimin nəticələrinə əsasən, iki yazı I,  iki yazı II, üç yazı III yerlərə layiq görülüb, 8 yazı həvəsləndirici mükafat alıb.

 

Nazir müavini qalibləri təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

“Bank of Baku”ASC İdarə Heyətinin sədri Eldar Həmidov Cümhuriyyət dəyərlərinin öyrənilməsi və təbliğ olunması baxımından müsabiqənin əhəmiyyətindən danışıb, qalibləri təbrik edib. O, bankın Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində icra etdiyi onlarla layihə arasında bu layihənin xüsusi yer tutduğunu, cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. E.Həmidov qurumun sosial yönümlü layihələrə hər zaman həvəslə maliyyə dəstəyi verdiyini də xüsusilə diqqətə çatdırıb.

 

Daha sonra çıxış edənlər müsabiqənin Azərbaycan Xalq Cümhuriyyəti dövründə aparılan təhsil islahatlarına öz münasibətlərini, təhsilimizin bugünkü inkişafı ilə bağlı rəy və mülahizələrini bildirmələrinə imkan yaratdığını söyləyiblər.

 

Sonda qaliblərə və münsiflər heyətinə müsabiqə təşkilatçıları tərəfindən diplom, hədiyyə və pul mükafatları təqdim olunub.

 

“Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda müsabiqənin qalibləri

 

I yer

 

Nüşabə  Eyvazova - Bakı şəhəri 195 nömrəli  tam  orta  məktəbin  müəllimi.

Müşafərim Əhmədova - Şəki şəhər fizika, riyaziyyat və humanitar təmayüllü liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan Respublikasının Əməkdar müəllimi.

 

II yer

 

Elmira  Allahverdiyeva - Sumqayıt  şəhər  11 nömrəli  tam  orta məktəbin Azərbaycan  dili  və  ədəbiyyat  müəllimi.

Aqşin Kərimli - Ağdaş rayonu Nofəl Babayev adına Qəribli kənd tam orta məktəbinin tarix müəllimi.

 

III yer

 

Şəlalə İmanova - Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi.

İlqar Abdullayev - Bakı şəhəri MLK-nın tarix müəllimi, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru.

Elnurə Alxasova - Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin coğrafiya müəllimi.

 

Həvəsləndirici yer

 

Ləman Abdullayeva - Şəki şəhər 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.

Mətanət Kərimova - Oğuz şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi.

Kəmalə İslam - Bakı şəhəri Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseyin biologiya müəllimi.

Həcər Abdurzaqova - İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam  orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.

Məryəm Yəhyayeva - İsmayıllı rayonu, Cülyan kənd tam orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini.

Xəyalə Quliyeva - Bakı şəhəri 236 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.

Aynurə Bağırova - Zəngilan rayon 30 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.

Aytən Bağıyeva - Bakı şəhəri 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.

 

Rəşad ZİYADOV