Vətən müharibəsi iştirakçısı Tərlan Fərəcov: “Milli birliyin ruhlandırdığı qədər heç nə ruhlandırmırdı ordumuzu”
Müəllim işlədiyi kəndi “7 oğul istərəm” filmindəki dağlara oxşadır, “Oğul istəyir ora çıxsın. Kəndə gedib çıxmaq özü bir qəhrəmanlıqdır”, - deyir “Qarabağ gündəliyi”nin budəfəki qəhrəmanı Tərlan Fərəcov. Qəbələ rayonu Laza kənd ümumi orta məktəbində texnologiya müəllimidi. Çətinliklərə baxmadan həftədə iki dəfə Oğuzdan çıxıb, qarlı dağlar aşıb, xeyli el dolaşıb vaxtında dərsinə çatır. Müəllimliyə sevgisi onu el-el, oba-oba dolaşmaq bahasına da olsa, işini görməyə vadar edir. Müəllimlikdə qəhrəmanlıq zirvəsini fəth edən gənc müəllim həm də müharibə qəhrəmanıdı. Yetişməkdə olan nəslin yoluna işıq tutmağa çalışan, onların yaşadığı ölkəni abad, bütöv, başıuca məmləkətə çevirmək üçün silaha sarılan Vətən müharibəsi iştirakçısı, “Kəlbəcərin azad olunmasına görə” medallı Qəhrəman Azərbaycan müəllimini daha yaxından tanıyaq.
Müəllim ailəsi
Onun öncəliyi müəllimlikdi. İşini yerinə yetirmək üçün hara olsa, gedər. Laza kəndinə getdiyi kimi: “Qəbələyə həftənin 2 günü gedirəm. İşlədiyim Laza kəndi ən ucqar kəndlərdəndir.Oraya maşınların getməyi bir problemdir. Xüsusən də qışda. Əsas məqsəd müəllimlikdi. İşimi sevirəm. Gücüm çatdığı qədər vəzifəmi yerinə yetirməyə çalışıram. Sevdiyim və yiyələndiyim bu işi əlimdən vermək istəmərəm. Böyük ümidlərlə Oğuz rayonunda çıxacaq vakansiyanı gözləyirəm. Yer olarsa, rayonumuzda işləmək istəyirəm. Bu ümidlə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatılmışam”.
Hardadı bu cavanda müəllimlik sevdası? - deyə düşünürsünüzsə, dərhal cavab verək: anasından. Anası Yaxşı müəllim hər iki oğlunun müəllim olması üçün əlindən gələni edib. Tayıflı kəndinin ibtidai sinif müəllimi müəllimliyi çox sevib, oğlanlarına da sevdirib. İndi ailənin gözü Oğuz rayonundakı məktəblərdən çıxacaq vakansiyadadı:“Anam və qardaşım da müəllimdir. Anamız istiqamətləndirib bizi də. Müəllimliyi o sevdirib. Evdə yalnız atam ustadır. Evdə bizim summativlərin əlindən tərpənə bilmir”.
Tərlan Fərəcov ilk dəfə müəllimlərin işə qəbulu müsabiqəsinə Kolleci bitirən kimi - 2018-ci ildə qatılıb və 46 bal toplayıb. Vakansiya olmadığı üçün yalnız 2019-cu ildən İmişlidə işə başlaya bilib. Buludlu kəndində ilk dəfə dərsə girib. 2020-ci ildə yerdəyişmə müsabiqəsinə qatılaraq Oğuza məsafəcə bir az yaxınlaşıb. Qəbələ rayonunun Laza kəndində işə başlayıb.
Hərbi xidmətə gedəndə tələbəydi, müharibəyə gedəndə müəllim
Tərlan Fərəcov Oğuzun Tayıflı kəndindəndi. Şəhid Oqtay Xəlilov adına Tayıflı kənd tam orta məktəbin və Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunudur. Texnologiya müəllimliyi ixtisası üzrə təhsil alıb: “2012-ci ildə kollecə qəbul olundum. Akademik məzuniyyət götürüb hərbi xidmətə getdim. 2013-cü ildə Qazax rayonunda xidmət elədim. Qazax-Ağstafa istiqamətində bütün sərhəd postlarında xidmət etmişəm. Bir sözlə, hərbi xidmətdə ön cəbhədə olmuşam. Əvvəlcə qumbaraatan köməkçisiydim. Sonradan atıcı kimi ixtisaslaşdım, post əsgəri oldum”.
Vətən müharibəsi başlayanda o da əsgər çantası hazırlayan yüzlərlə müəllimdən biri olub. Hər birində 25 nəfər olmaqla 3 maşın oğuzluyla Vətənin səsinə səs veriblər. 5 gün təlimlərdən sonra sentyabrın 26-da Murovdağ istiqamətindəki mövqelərdə o da yerini alıb. Müharibənin ilk 10 günü çox ağır keçib. Hələ müharibənin qanlı üzünə, gurultulu səsinə alışmadan vahimə yaradan görüntüsünə, faciəvi nəticələrinə alışmalı olub. Ona görə də həmin günlər onun xatirələrində ən ağır, ən acı, ən unudulmaz günlərə çevrilib: “Sentyabrın 27-də səhər saatlarından döyüşlər başladı. İlk 10 gündə özümə qardaş bildiyim döyüş yoldaşlarım şəhadətə yüksəldi. Oktyabrın 1-də Nurlan Əfəndiyev, Şahin Cəfərli, Elman Babayev və başqa döyüşçü dostlarım yanımdaca şəhid oldular. Nurlan Əfəndiyev Oğuzun Xalxalqışlaq kəndindəndir. Eyni rayondan olsaq da, onunla sentyabrın 27-də tanış olduq. Bir həftəyə yaxın müddətdə paylaşdığımız mühit bizi yaxınlaşdırdı. Qardaşdan yaxın hiss edirdim onu özümə. Biz bir neçə günün içərisində onunla elə yaxınlaşdıq. Birlikdə ac-susuz qaldıq, bir yatıb, bir durduq. Çox cəsarətliydi. Özünü döyüşə atırdı. Döyüşmək, ancaq irəli getmək barədə düşünürdü. Getdi də. Məndən qabağa düşüb şəhid oldu. Məni isə yaxınlığımıza düşən minamyot zərbəsindən qaya xilas etdi. 2-3 saniyəlik ara ilə onlardan geridə olmasaydım, o gün onlarla mən də şəhid ola, yaralana bilərdim. Amma o gün orda yaşadıqlarım yaralanmaqdan, ya da ölümdən daha az ağır deyil. Qarda, soyuqda Torpağın üstündə bir yerdə yatdığım, cəmi 10 gündə tanısam da, qardaş bildiyim oğlanları itirmək, özü də gözlərimin qarşısında şəhid olmalarına şahidlik eləmək qədər ağır heç nə ola bilməz”.
Kənd müəllimi Vətən müharibəsində snayper oldu
Döyüşlərə Murovdağdan başlayıb: ““Zirvə” deyilən yüksəklikdə olmuşuq. “Canavar”, “Ömər” postu istiqamətlərində döyüşmüşəm. Son döyüş mövqeyim isə Kəlbəcərdə olub. İstisuda, Qaragöl və Ağgöldəki mövqelərimizdə post xidməti yerinə yetirmişəm. Hərbi xidmətdə cəmi 2 ay snayper olmuşdum. Posta çıxanda vəzifəmi dəyişmişdilər. Müharibə vaxtı da snayper vəzifəsi verdilər. Hərbi xidmətdən müəyyən təcrübəm olduğundan, bu vəzifə mənimçün yad deyildi”.
Nəinki yad, əksinə snayperlik onun üçün çox maraqlı olub - geyimindən tutmuş silahına qədər: “Snayperliyin maraqlı cəhəti odur ki, taktiki qruplarda təkdir. 30 nəfərlik taktiki qrupa 1 snayper təyin edilir. Snayperin xüsusi geyimi, ayrıca mövqeyi olur. Özünə elə yer seçməlidir ki, düşmən onu dağdan, dərədən, ağacdan, koldan ayıra bilməsin. Silahının üstünə işıq düşməməli, snayper özü ətrafdan seçilməməlidi. Bütün manqanı snayper qoruyur. Düşmənin də gözü vurmaq üçün məhz snayperi axtarır. Gizlənmək prosesinin özü belə maraqlıdır. Bunun üçün hər şeydən - ağac, kol, qaya və s. istifadə edir, maskalanaraq gizlənirdim. Bütün bunlar, yaxşı gizlənməyin özü belə snayperin üstünlükləridir və bu vəzifə mənim üçün çox maraqlı gəlirdi. İnsan, həqiqətən, çox maraqlı hisslər keçirir. Snayperlərin ilk hədəf olmağı vəzifəni çətinləşdirir, ancaq çətin olduğu qədər də maraqlı olur”.
Ölümlə nəfəs-nəfəsə
Həyatla ölüm arasında məsafə çox qısadı. Ancaq müharibədə bu məsafə dəfələrlə azalır. Hər anın ölüm demək olduğu bir yerdə insanın ölümün nəfəsini daim öz üzərində hiss etməsindən təbii nə var ki? Tərlan müəllim də dəfələrlə ölümlə burun-buruna gəlib, ancaq ölümün qurduğu tələlərdən yayınıb: “Sentyabrın 30-da axşam olduğumuz mövqelərə 2 minamyot zərbəsi endirdilər. Həmin zərbələr məni də tutdu. Zərbənin təsirindən yıxıldım.Əlim kəsilmiş, dizimə daş girmişdi. Elə atırdılar ki, qaçmaq, gizlənmək qeyri-mümkün idi. Yoldaşlarım kömək eləyib məni qaldırdılar. Səhərisi isə, dostlarımın şəhid olduğu döyüşdə başıma daş zərbəsi aldım. Partlayış nəticəsində qopan daş məni tutdu. Zərbədən sonra özümü itirdim. Ətrafda çoxlu səs-küy vardı, minamyotun vannası elə bil ağlımı başımdan aldı. Ancaq tez özümə gəldim. Dostlarımdan fərqli olaraq mənə heç nə olmadı. Komandir heyətinin, döyüşçü dostlarımın köməyilə özümü zərbələrdən qorumaq üçün nəzərdə tutulan “okopa” çatdırdım”.
Bu müharibənin qürurla anılacaq xatirələri daha çoxdur: “Sonrakı vaxtlarda sakit günlərimiz olurdu. Bəzən arxaya çəkilib mövqelənib yeni hücumlara hazırlaşırdıq. Elə həmin müddətdə də şəkillər çəkdirib o şərəfli günlərimizin xatirələrini əbədiləşdirmək, şəkillərə köçürmək imkanlarımız yaranırdı. İndi əlimdə olan şəkillər məhz həmin dövrdə çəkilənlərdi. Şəkillərə baxıram, heç birində şəhid dostlarımız, silahdaşlarımız yoxdur”.
Şəhid olan silahdaşlarını xatırladacaq şəkillər yoxdu, amma onlarla bağlı çox təsirli xatirələri var. Tərlan müəllim deyir, şəhid qardaşları onun xatirəsində ömür boyu yaşayacaq. Xatirələrində daim qürurla anacağı başqa hadisələrlə də yadda qalıb Vətən müharibəsi. O, ön cəbhəyə arxa cəbhədən verilən dəstəyin, böyük ruh yüksəkliyindən doğan qürurverən anlar barədə heç indi də sakit düşünə bilmir: “Xalqımızın birliyi Vətən müharibəsinin ən böyük dərsi oldu. Bu birlik əsgərlərimizə güc, qüvvət verirdi. Milli birliyin ruhlandırdığı qədər heç nə ruhlandırmırdı ordumuzu”.
O ruhla ordumuz qələbə dalınca qələbə qazandı: “Biz döyüşdük, işğal altında olan torpaqları geri aldıq. Dövlətimiz də o torpaqlarda həyatı canlandıracaq, inkişaf etdirəcək, ermənilər də görüb çatlasın. Azərbaycan gəlib torpaqlarına sahib çıxdı, qurub yaratdı deyə köks ötürsünlər. Xoşbəxt günlərimizi görüb qan ağlasınlar”.
O müəllimin yetirmələri də qəhrəman olacaq
Tərlan müəllimin ömrünün müharibə səhifəsində nələr var, nələr. Barıt, qan qoxusu, top-minamyot səsi, partlayış gurultusu, dost sevgisi, qardaş dəstəyi, ailə özləmi. Qısa müddətdə bir-biri üçün öləcək qədər böyük dostluqlar da o səhifələrdədi, “heç nəyə baxmayaraq, yaşamağa dəyər” dedirtəcək qələbə eşqi, yaşamaq ümidi də. Hisslərin daim qarışdığı bu dözülməz mühitə insan ancaq bir səbəbdən dözə bilər: Vətən üçün. Ölüb-öldürmək yalnız vətənin bütövlüyü üçün adiləşir insanın gözlərində. “Müəllimlər vətənpərvər olurlar”, - deyən Tərlan müəllim müəllimlik etməyi də, Vətən üçün əlinə silah almağı da bacardığını göstərdi. Bundan sonra hansı kənddə, hansı şəhərdə sinfə girməyindən asılı olmayaraq, qəhrəman müəllimin yetişdirdiyi şagirdlərin hər biri bir şəxsiyyət, böyük vətənpərvər olacaq!
Ruhiyyə DAŞSALAHLI