Azərbaycan Tibb Universiteti (ATU) ilk dəfə olaraq beynəlxalq reytinq qurumuna daxil edilib.
ATU-dan bildirilib ki, SCImago Institutes Rankings (SIR) - tədqiqat, innovasiya nəticələri və sosial təsirlərinə görə üç fərqli göstəricini özündə birləşdirən akademik və tədqiqat müəssisələrinin təsnifatıdır. 2009-cu ildən bəri nəşr olunan, akademik qurumların qlobal reytinqidir.

 

SIR İspaniyanın bir neçə iri təhsil müəssisəsini özündə birləşdirən və Ali Elmi Tədqiqatlar Şurasının (CSIC) üzvü olan təşkilatdır. Elmi nəşrlərin və müəssisələrin digər məhsullarının ümumi statistikasını araşdırır və müxtəlif ölçülü qurumlar arasında müqayisə aparır.

 

ATU dünyanın digər universitetləri kimi, bu reytinq sisteminə daxil edilib və 4 göstəriciyə görə indeksləşdirilib: ümumi, elmi tədqiqat, innovasiya və ictimai göstərici. Scimago sıralamasında ATU 2021-ci ildə ümumi göstəriciyə görə dünyanın 7533 universiteti arasında 899-cu yerdədir.

 

İnnovasiya və sosiallaşma göstəricilərinə gəldikdə isə, təəssüf ki, reytinq düşüb və 2021-ci ildə ATU müvafiq olaraq 547 və 251-ci yerləri tutub.

 

ATU əməkdaşları son iki ildə Scopusa daxil olan 32 elmi jurnalda elmi işlərini çap etdiriblər. Bu jurnullardan bir neçəsini misal göstərmək olar: Psycho-Oncology, Medicine and Low, Annals of Oncology, Journal of Medical Virology, Antiviral Research, Chemistry of Natural Compounds və s.

 

Beləliklə, ATU Scimago reytinq sistemində tədqiqat göstəricilərinə görə, dünya və yerli universitetlər arasında layiqli yer tutur və hazırda bu reytinq sistemi üzrə digər göstəricilərin yaxşılaşdırılması, eləcə də ATU-nun QS World University Ranking, Times Higher Education University Ranking, World University of Academic Ranking (ARWU) reytinqlərinə daxil edilməsi istiqamətində işlər aparılır.