Dövlət Gömrük Komitəsinin Akademiyasında Özbəkistanın Daşkənd Gömrük İnstitutunun (DGİ) ali menecment kurslarının dinləyiciləri, ixtisasartırma fakültəsinin dinləyiciləri olan zabitlər və gömrük əməkdaşları üçün növbəti onlayn distant mühazirələr təşkil edilib.
Daşkənd Gömrük İnstitutunun müraciəti əsasında təşkil olunan mühazirələrdə azərbaycanlı mütəxəssislər müvafiq sahələrdə təcrübələrini özbəkistanlı həmkarları ilə bölüşüblər.
Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi, gömrük xidməti polkovniki Təyyar İbrahimov təqdim olunan mühazirələrin aktuallığından söz açıb və bu istiqamətdə ekspert laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə aparılan işlərə diqqət çəkib. İdarə rəisi iki ölkənin gömrük orqanlarının strukturları arasında yaradılan əməkdaşlıq əlaqələrinin vacibliyini qeyd edib.
Dövlət Gömrük Komitəsinin Texnoloji və mexaniki avadanlıqların ekspertizası şöbəsinin baş eksperti Günay Yunusova “Gömrük sərhəddindən keçirilən malların təhlükəsizliyinin təminatının mövcud sisteminin analizi”, Əqli mülkiyyət obyektlərinin, emal prosedurları altında malların və mənşə ölkəsinin ekspertizası şöbəsinin rəisi Arzu Nəcəfova “Beynəlxalq İSO İES 17025:2017 standartı əsasında gömrük ekspertizası laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzularında məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, bu mühazirələr Özbəkistan Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciəti əsasında, hər iki ölkənin hökumətləri arasında imzalanmış “Gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Razılaşma”ya müvafiq olaraq keçirilir.