Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi, Fəlsəfə və sosiologiya institutlarının birgə təşkilatçılığı ilə  “Mədəniyyətlərin dialoqu və Nizaminin fəlsəfi irsi” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyini və bu münasibətlə AMEA-da müntəzəm tədbirlərin keçirildiyini bildirib.

 

Akademik qeyd edib ki, bu tədbirlərin keçirilməsi Azərbaycanın böyük mütəfəkkiri Nizami Gəncəvini dünyaya daha dərindən tanıtmağa imkan verir. AMEA-da bu istiqamətdə görülən işlərdən, dahi şairə həsr edilən tədqiqat əsərlərindən danışan alim “Nizami İli”nin yekun tədbirinin Nizaminin doğma şəhəri Gəncədə keçirilməsi üçün hazırlıqların davam etdiyini diqqətə çatdırıb.

 

Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı institutda görülən işlərdən danışıb. Müasir Azərbaycan fəlsəfəsində Nizaminin özünəməxsus yeri və rolu olduğunu, bu mövzuda institutda 2 konfrans keçirildiyini qeyd edən professor bildirib ki, növbəti üçüncü konfransın Fəlsəfə Günündə keçirilməsi planlaşdırılıb. İnstitut direktoru 3-cü konfrasın yekunu olaraq Nizami Gəncəviyə həsr edilmiş tezis və məqalələrin toplu halında nəşr ediləcəyini də vurğulayıb.

 

Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli “Azərbaycanın böyük ədibi Nizami Gəncəvi və onun elmi irsi” mövzusunda məruzə ilə çıxış edib. Nizaminin əsərlərində elmin müxtəlif sahələrinin təsnif edildiyi məruzədə şairin bəşər cəmiyyətinə məlum olan əsas elmi bilikləri - fizika, fəlsəfə, tarix, ilahiyyat, astronomiya, kimya, riyaziyyat və s. elmləri dərindən mənimsədiyi, öz əsərlərində elmin müxtəlif sahələrinə dair olduqca qiymətli, dəyərli fikirlər söylədiyi bildirilib.

 

Tədbirdə Elm Tarixi İnstitutunun digər əməkdaşları və konfransa xaricdən qatılan alimlər mövzuya dair  məruzələrlə çıxış  ediblər.