Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

 

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşıladılar.

 

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

 

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

 

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

 

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

 

Dövlət başçıları rəsmi foto çəkdirdilər.