Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup müəllim və tələbəsi 44 günlük Vətən müharibəsində şəhid olan məzun Kənan Abdullayevin xatirəsinə inşa olunan bulağın açılışında iştirak ediblər.
Şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının və qazilərin də iştirak etdiyi açılış mərasimində MDU-nun qəhrəman məzununun adını daşıyan bulağa gül dəstələri düzülüb və onun əziz xatirəsi böyük ehtiramla yad edilib.
MDU-nun Xarici dillər kafedrasının dosenti Mayıl İsmayılov şəhid K.Abdullayevin tələbəlik illərindən bəhs edib və onu yüksək mənəvi keyfiyyətlərə malik olan nümunəvi gənc kimi xatırlayıb. Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğullar yetişdirən valideyinlərə dərin ehtiramını bildirən M.İsmayılov ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.
Tarixi zəfərin qazanılmasında pay sahibi olan qəhrəman məzunların tələbə gənclərə tanıdılması və onların göstərdikləri şücaətlərin təbliği istiqamətində MDU-da görülən işlərdən danışan universitetin Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru Minayə Hüseynova dövlətin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş şəhidlərin müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi olduğunu qeyd edib.
Sonra MDU-nun tələbə gəncləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Qeyd edək ki, 29 yaşlı leytenant Kənan Abdullayev 2011-2015-ci illərdə MDU-da ali təhsil alıb. 2020-ci ilin 16 oktyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan universitetin qəhrəman məzunu dövlət başçısının müvafiq sərəncamına əsasən, “Vətən uğrunda” medalı ilə təltif edilib.