Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilən “Ədəbiyyat dərslərində fəal (interaktiv) təlimin tətbiqi” mövzusunda elmi-metodik seminar keçirilib. 

 

Zoom platforması üzərindən təşkil edilən seminarda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbələri və magistrantları iştirak ediblər.

 

MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova ölkəmizdə pedaqoji təhsilin inkişafında mühüm rol oynayan ADPU ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. 

 

Sonra ADPU-nun dosenti Fəxrəddin Yusifov “Ədəbiyyat dərslərində fəal (interaktiv) təlimin tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzədə tədrisin səmərəliliyinin və effektivliyinin artırılması məqsədilə müasir dövrdə ədəbiyyat dərslərində istifadə edilən interaktiv təlim texnologiyaları, şagirdlərin yaradıcılıq və tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi üsulları və digər məsələlər barədə ətraflı məlumat verilib.

 

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb və təqdim edilən suallar cavablandırılıb.