İyunun 11-də Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Biz Xarıbülbülü çəkirik” adlı tədbir keçirilib.
Tədbirin məqsədi böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq, vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaq, uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və istedadlarını aşkara çıxartmaqdan ibarət olub.
Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, xalq rəssamı Arif Hüseynov, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digər qonaqlar iştirak ediblər.
Tədbirdə mərkəzin rəsm və dekorativ-tətbiqi sənət dərnəyinin üzvləri böyük və kiçik xarıbülbül fiqurlu maketlərin üzərində maraqlı kompozisiyalar işləyiblər. Müxtəlif mövzularda çəkilən rəsmlərdə “Qarabağ abidələri”, “Qarabağ xalçaları”, “Qarabağ mədəniyyəti”, “Qarabağ atları”, “Qarabağ milli geyimləri” və s. təsvir olunub. Bundan başqa, tədbirdə mərkəzin istedadlı uşaqları vətənpərvərlik mövzusunda konsert proqramı ilə çıxış ediblər.