Gəncədə Heydər Əliyev Mərkəzində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsinin açılış tədbiri keçirilib.
Açılış mərasimindən öncə “ASAN xidmət”in, Asiya İnkişaf Bankının, INNOLAND, EKVİTA şirkətinin, eləcə də İnnovasiya Mərkəzi MMC-nin nümayəndələri Azərbaycan Texnologiya Universitetində (UTECA) olublar. Universitetin innovasiya ekosistemi ilə tanış olan qonaqlara məlumat verilib ki, UTECA-da biznes, startap, inkubasiya və innovasiya fəaliyyətləri üzrə görülmüş işlər "Müştəriyə Yönəlmə Proqramı (MYP)" pilot layihəsi, "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi və digər əməkdaşlıqlar olmaqla, 3 əsas hissədən ibarətdir. MYP çərçivəsində 50-dən çox iri sənaye və istehsal müəssisələri ilə birgə təlim, təcrübə və tədris-istehsalat proqramları həyata keçirilib. Aktiv olduğu dövrdə proqram 2000-dən çox tələbəni əhatə edib. MYP layihəsinin qida və mühəndislik istiqamətləri üzrə yenidən həyata keçirilməsi və proqramın effektivliyinin artırılması üçün yaxın gələcəkdə elmi tədqiqat və transformasiya mərkəzlərinin yaradılmasıyla bağlı hazırda tərəfdaşlar arasında müzakirələr aparılır.
UTECA-da fəaliyyət göstərən "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzi barədə verilən məlumatlarda qeyd edilib ki, 2016-2019-cu illərdə filialda inkubasiya mərhələsinə 7 startup qəbul olub, onlardan 3-ü akselerasiya mərhələsini tamamlayaraq fəaliyyətini davam etdirə bilib. Hazırda bu startuplardan yalnız biri - "Otmilk" öz aktiv fəaliyyətini davam etdirir.
Startapçılarla söhbətdən və UTECA-da innovasiya ekosistemini əhatə edən digər əməkdaşlıqlarla tanışlıqdan sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib.
Tədbirdə “ASAN xidmət”in sədr müavini Ceyhun Salmanov, Asiya İnkişaf Bankının missiya rəhbəri Kəndis Makdeyqan, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov və UTECA-nın prorektoru Vüqar İsmayılov iştirak ediblər.
Ceyhun Salmanov “ASAN xidmət”in fəaliyyəti, regionlarda innovasiya və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin adıçəkilən fəaliyyətlərdə müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb.
UTECA-nın prorektoru Vüqar İsmayılov hər üç universitet üçün təməli qoyulan layihənin bölgə əhəmiyyətini vurğulayıb: “Bilirik ki, startap ekosisteminin digər bir adı girişim ekosistemidir. Ancaq mən bunu eyni zamanda cəsarət ekosistemi adlandırıram. Məlum məsəslədir ki, investisiyalar paytaxt şəhərlərə axın edir, eləcə də gənclər paytaxta meyl edir. Bu fonda bölgə tələbələrində startaplarla bağlı bir güvənsizlik müşahidə edilir. Cəsarətli olanlar isə bu işdə bir addım öndə olur. Bu baxımdan layihənin reallaşdırılması üçün məhz bölgələrin seçilməsi alqışa və təqdirə layiqdir. Yerli texnoloji startapların inkişafının təşviqi urbanizasiyanın qarşısını alacaq və tələbələrimizdə bir cəsarət ekosistemi formalaşdıracaq”.
Sonda “ASAN xidmət”lə UTECA, ADAU və GDU arasında “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.