MEK kollektivinə "Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işində fəal iştirakına görə" fəxri diplomu təqdim edilib


AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Azərbaycan Xalq Cümhuriyyəti – 100 işığında Azərbaycan Silahlı Qüvvələri Günü” informasiya blokuna MEK-in töhfəsi” adlı tədbir keçirilib.

 

AMEA-dan verilən məlumata görə, kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova  MEK-in informasiya toplayan, mühafizə edən və paylaşan qurum olmaqla  yanaşı, həm də informasiyanı istehsal edən innovativ müəssisə olduğunu diqqətə çatdırıb. O, kitabxananın ölkə başçısı İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamının icrasına töhfəsindən - milli rəqəmsal yaddaş, sərbəst elektron resurslar və informasiyanın başqa tətbiqi sahələrində əlaqələndirilmiş fəaliyyətindən geniş danışıb.

 

Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Mikayıl Hüseynov Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şanlı və məşəqqətli hərb yolundan bəhs edib. Müstəqilliyin bərpasından sonra ordu quruculuğu sahəsində aparılan məqsədyönlü siyasətdən və sürətli inkişafdan söz açan polkovnik Milli Ordumuzun döyüş hazırlığı barədə məlumat verib.

        

Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi Azərbaycan-Türkiyə dostluq və qardaşlığının önəmindən, hər iki ölkədə ordu quruculuğunun qədim və zəngin tarixə malik olmasından danışıb.

        

Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti məzunlarının hazırladığı “Günlər” filmi nümayiş olunub.

        

Tədbirin sonunda Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin rəhbərliyi adından MEK kollektivinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə "Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işində fəal iştirakına görə" fəxri diplom təqdim edilib.

 

Samirə KƏRİMOVA