Bu ilin fevral ayında Bakı şəhəri T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə  “eTwinning”  çərçivəsində “Naxışlarda yaşayan tarix” adlı yeni bir layihəyə start verildi. Qeyd edək ki, “Naxışlarda yaşayan tarix” adlı layihənin təqdimatının təməli 2020-ci ilin dekabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin təşkilatçılığı ilə Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində “Ortaq təhsil layihələrinin yaradılması” mövzusunda keçirilən vebinarda qoyulmuşdur.

 

Layihənin müəllifi məktəb-liseyin tarix müəllimi Ülviyyə İsmayılova və Türkiyə Kocaəli Dəyirmandərə Uğur Mumcu orta məktəbinin müəllimi Fatma Tufan idi. Layihənin  digər  iştirakçıları arasında Bakının, eləcə də respublikamızın  və Türkiyənin ayrı- ayrı bölgələrinin məktəblərinin  müəllimləri idi. Layihənin məqsədi naxışların mənəvi dünyasını, gözəlliyini və mənasını araşdırmaq yer alırdı. Tarix, əl sənətləri, texnologiyanın inteqrasiya olunduğu bu proyektdə şagirdlərdə XXI əsr bacarıqları, zehni və sosial bacarıqların formalaşdırılması, layihə əsaslı öyrənmənin  planlaşdırılması nəzərdə tutulurdu. Həmçinin  texnologiyadan daha faydalı şəkildə istifadə etməyin yollarını şagirdlərə izah etmək qarşıya məqsəd qoyulmuşdu. 

 

Qeyd edək ki, layihə ilə tanış olmaq üçün müəllim, şagird və valideynlərə öncə  vebinar keçirildi. Vebinarda proyektin  ortaqlarından olan Türkiyə, Odunpazarı/Eskişehir Etkin Kollecinin  müəllimi Əminə Tuğba Əroğlu Avcı tərəfindən şagirdlərə təhlükəsiz internetlə bağlı  məlumat verildi.  Sonra bu layihənin afiş və loqosunun seçimi üçün keçirilən səsvermənin nəticəsi elan edildi. Məhəmməd Oğuz Qılınc İmam Hatip Liseyinin şagirdi Erolun hazırladığı loqo və Cahit Külebi orta məktəbinin şagirdi Dəfnənin hazırladığı afiş səsvermə nəticəsində birinci yerə layiq görüldü.

 

Antalya Olgunlaşma İnstitutunun  naxış müəllimi Bəlgin Kəskinin “Naxışların tarixçəsi” adlı maarifləndirici vebinarı isə mart ayında  keçirildi. Vebinarda Bəlgin Kəskin bu layihədə yer alan şagirdlərə türk xalqlarının naxışlarının tarixi haqqında maraqlı məlumat verdi.

 

Layihə çərçivəsində növbəti maarifləndirici seminar  isə aprel ayında təşkil olundu. Seminarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Arxeologiyada naxışlar” mövzusunda   maarifləndirici təqdimatla çıxış etdi. Təqdimat seminar iştirakçıları tərəfindən maraqla qarşılandı. Bu layihədə iştirak edən şagirdlər 2 qrupa - araşdırma və tətbiqetmə  qruplarına bölündü. Və çalışmalarını qruplarda davam etdirdilər. Araşdırma qrupunun şagirdləri sənət növlərini araşdırdığı halda, tətbiqetmə  qrupunun şagirdləri naxışları müxtəlif əşyaların üzərində tətbiq etdilər.

 

Ümumiyyətlə, layihə çərçivəsində fərdi çalışmalarla bərabər bir çox ortaq tapşırıqlar da yerinə yetirildi. Layihənin final məhsulu isə bu layihənin adının baş hərflərinə yazılmış şeir və həmin şeirə məktəb-liseyimizin 7 “b” sinif şagirdi Yusif Abbasovun bəstələdiyi könül oxşayan musiqisi oldu.

 

Düşünürəm ki, “Naxışlarda yaşayan tarix”  adlı layihəmiz pandemiya dövrünə təsadüf etsə də biz onu uğurla yekunlaşdırdıq. Adıçəkilən layihə iştirakçıların  yaddaşlarında iz qoydu.

 

Ülviyyə İSMAYILOVA, 

Bakı şəhəri  T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin tarix müəllimi