Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 15-İyun Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışaraq bildirib ki, o zaman qurtuluşun əsas missiyası müasir Azərbaycan dövlətini xaosdan, parçalanma təhlükəsindən və işğaldan qurtarıb inkişafını təmin etmək idi. Rektor Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının Azərbaycan xalqı üçün illər ötdükcə daha da dəyərli olduğunu deyib. M.Babanlı Prezident İlham Əliyev kimi uzaqgörən və qətiyyətli bir liderin Ali Baş Komandanlığı ilə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə də toxunub.

 

Millət vəkili Musa Qasımlı Ümummilli lider Heydər Əliyevin ictima-siyasi fəaliyyətinin Azərbaycan xalqının maraqlarına, dövlətin inkişafına xidmət etdiyini deyib. O zaman Azərbaycanın düşdüyü vəziyyəti, baş verən hadisələri, faktları xronoloji ardıcıllıqla xatırladan tarixçi alim Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə növbəti dəfə hakimiyyətə gəlişi ilə ölkəmizdə dövlət quruculuğu prosesinin yeni nümunəsinin yarandığını bildirib. Əlavə edib ki, bu unudulmaz tarixdən başlayaraq müasir, demokratik və böyük güclərin hesablaşacağı sarsılmaz  Azərbayacan dövlətinin əsası qoyulub, Azərbaycanın iqtisadi inkişafının təməl prinsipləri yaranıb.

 

Sonra ADNSU-nun Humanitar fənlər kafedrasının professoru Camal Mustafayev  görkəmli siyasi xadim Heydər Əliyevin zəngin fəaliyyətindən, Azərbaycanın müstəqillik qazanması və inkişafı naminə apardığı gərgin mücadilədən danışıb. Qeyd edib ki, Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, nümunəvi vətəndaşlıq mövqeyi və xalqımız qarşısındakı xidmətlərini müəllim olaraq qürurla yeni nəsilə çatdırır.

 

Qeyd edək ki, tədbirə universitetin professor-müəllim heyəti və tələbələr onlayn qoşulub.