Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən müharibəsi iştirakçısı olan müəllim Ülvi Qurbanovun bioqrafiyasını təqdim edirik:
Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Ülvi Faiq oğlu Qurbanov 1993-cü ildə anadan olub.
Uşaq yaşlarından karate və güləş idman növləri ilə məşğul olan Ü.Qurbanov bir sıra ölkədaxili və beynəlxalq yarışlarda parlaq qələbələrə imza atıb. 2007-ci ildə keçirilən karate idman növü üzrə Dünya çempionatında bürünc, 2008-ci ildə Avropa çempionatında gümüş medala layiq görülüb, 2012-ci ildə isə güləş üzrə Avropa çempionu olub.
2011-ci ildə Bakı şəhəri 288 nömrəli tam orta məktəbi bitirib. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.
Hərbi xidməti zamanı 2016-cı ildə Azərbaycan tarixinə Aprel döyüşləri kimi daxil olan müharibədə Talış kəndi istiqamətində böyük qəhrəmanlıq nümayiş etdirən Ü.Qurbanov xidmətinə görə “Xidməti Xasiyyətnamə” və “Təşəkkürnamə məktubu” ilə təltif olunub.
İlk müəllimlik fəaliyyətinə Bakı şəhəri 184 nömrəli tam orta məktəbdə başlayan Ü.Qurbanov 2020-ci ildən paytaxtdakı 166 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışır.
Vətən Müharibəsi başlayan kimi könüllü cəbhəyə yollanan Ü.Qurbanov Füzuli, Cəbrayıl, Xocavənd və Şuşada gedən döyüşlərdə yaxından iştirak edib. Vətən Müharibəsində göstərdiyi xidmətlərinə görə fəxri fərmanlarla təltif olunub.
Avropa çempionu olan qəhrəman müəllim Ü.Qurbanov Vətən Müharibəsinin qalib döyüşçüsü və Azərbaycan təhsilinin müzəffər müəllimi olmağın qürurunu bir ömürboyu fəxrlə daşıyacağını bildirir.