Mükafatlandırma mərasimi iyunun 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutub və tədbir qala -konsert proqramı ilə davam edib.  Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə ölkəmizlə yanaşı, Türkiyə, ABŞ, Bolqarıstan, İspaniya, İsrail, Qazaxıstan, Rusiya, Ukrayna və Yaponiyadan olan balet ustaları da iştirak ediblər. "Klassik rəqs” (solo və duet kateqoriyalarında), “Milli rəqs” (solo, duet və ansambl kateqoriyalarında), “Müasir rəqs” (solo, duet və kollektiv kateqoriyalarında) nominasiyaları üzrə keçirilən müsabiqəyə 16-26 yaşda oğlan və qızlar qatılıblar. Rusiyanın Xalq artisti Vyaçeslav Qordeyevdən, Azərbaycanın Xalq artistləri Rəfiqə Axundovadan, Roza Cəlilovadan, Afaq Məlikovadan, Ukraynanın Xalq artisti Boris Kolnoquzenkodan, Bolqarıstan Balet Assosiasiyasının rəhbəri, UNESCO-nun rəqs sənəti milli komitəsinin Bolqarıstan üzrə sədri Silviya Tomovadan, Estoniyanın  Əməkdar artisti, UNESCO-nun beynəlxalq rəqs şurasının üzvü Vasili Medvedyevdən, İsrail Dövlət Baletinin prima balerinası və bədii rəhbəri, Beynəlxalq Xoreoqraflar İttifaqının İsraildən olan daimi üzvü Nina Gerşmandan, Azərbaycanın və Rusiyanın Əməkdar artisti Vitali Axundovdan ibarət münsiflər heyəti müsabiqə iştirakçılarının  rəqs məharətlərini və səhnə cazibələrini  qiymətləndiriblər Müsabiqə qaliblərinə  diplom və hədiyyələr təqdim edilib. Birinci yeri Qazaxıstan, İspaniya, Azərbaycan, ikinci yeri ABŞ, Azərbaycan, Ukrayna, üçüncü yeri isə İsrail, Bolqarıstan, Azərbaycan və Ukraynadan olan təmsilçilər qazanıblar.

 

Müsabiqənin Qran-pri mükafatına isə Rusiya təmsilçisi layiq görülüb. Mükafatı qalibə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar Elm Xadimi, professor Timuçin Əfəndiyev təqdim edib.

 

Sifai  SƏFƏROVA