Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu, BSU-nun filologiya və xarici dil müəllimliyi fakültəsinin IV tədris ili tələbəsi, "YAŞAT" Fondunun və "Davam" Gənclər Hərəkatının əməkdaşı Elvin Mirzəyevi qəbul edib.

 

Professor N.Əliyeva bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük siyasi iradəsi, müdrik rəhbərliyi, sərkərdəlik məharəti, möhtəşəm diplomatiyası ilə rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində tam və qəti  Qələbə qazandı. Məhz bu böyük Qələbə sayəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bərpa edildi.

 

Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında Azərbaycan Silahlı Qüvvələrinin igid əsgər və zabitlərinin misilsiz rol oynadığını qeyd edən rektor  şəhid general-mayor Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin adlarını da fəxrlə vurğulayıb:”Qədirbilən xalqımız həmişə şəhidlərimizin xatirəsini əziz və uca tutur. Fəxr edirik ki, xalqımızın cəsur və vətənpərvər oğlu,  Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev BSU-nun məzunudur”.

 

N.Əliyeva bildirib ki, BSU-nun 100-ə yaxın məzunu Vətən müharibəsində fəal iştirak edib:”BSU-nun 3 məzunu- Nicat Şükürlü, Kənan Rüstəmli və Elnur Allahverdizadə döyüşlərdə qəhrəmancasına şəhid olublar. BSU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbə-gəncləri və əməkdaşları daim onların xatirəsini əziz tutur. Universitetdə şəhid soydaşlarımızla bağlı yaradılmış guşə də bu hörmət və ehtiramın əyani sübutudur. Həmin guşədə şəhid polkovnik İlqar Mirzəyevin və tərcümə fakültəsinin II tədris ili tələbəsi Xanış Sadıqovun atası, şəhid polkovnik-leytenant Yaşar Sadıqovun da şəkilləri özünə yer alıb. BSU-nun Azərbaycan filologiyası fakültəsinin I tədris ili tələbəsi, şəhid ailəsinin üzvü olan Röya   Orucova, filologiya və xarici dil müəllimliyi fakültəsinin IV tədris ili tələbəsi, şəhid ailəsinin üzvü olan Pərvin Şirvani və Azərbaycan filologiyası fakültəsinin III tədris ili tələbəsi, şəhid ailəsinin üzvü Leyla Əsədova daim BSU rəhbərliyinin, bütün professor-müəllim heyətinin xüsusi diqqət və qayğısını, məhəbbətini hiss edir”.

 

Rektor hazırda davam edən 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında şəhid ailələrinin üzvü olan tələbə-gənclərin qayğıları ilə maraqlanıb.

 

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova universitetdə şəhid ailələrinin üzvü olan tələbələrə, həmçinin sosial baxımdan həssas əhali təbəqəsinə aid edilən ailələrin tələbə övladlarına göstərilən diqqət və qayğı barədə məlumat verib.