Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat və Təhsil nazirlikləri, Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə keçirilən iqtisadiyyat və idarəetmə sahəsində Magistr və Doktorantların III Beynəlxalq elmi konfransı başa çatıb.
UNEC-dən bildirilib ki, “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunan, 4 gün davam edən konfransda 35 ölkədən olan 700-ə yaxın tədqiqatçı tərəfindən aparılmış 510 elmi araşdırmanın nəticələrinin onlayn rejimdə müzakirəsi təşkil olunub.
Dünyanın müxtəlif ölkələrindən, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu təşkilatların mütəxəssislərinin, universitetlər, dövlət qurumları, özəl sektor nümayəndələrinin iştirakı ilə aktual mövzulara həsr olunan 16 “workshop”, 26 xarici tədqiqatçının, eləcə də elmi fəaliyyətlərini dünyanın nüfuzlu universitetlərində davam etdirən 10 həmyerlimizin və Azərbaycan alimlərinin aktual, ciddi iqtisadi mövzuları əhatə edən məruzələri dinlənilib.
“Ağıllı və dayanıqlı şəhərlər”, “Azərbaycanda postmüharibə dövründə məşğulluq və investisiyalar”, “Gəncə timsalında şəhərlərin brendləşməsi”, “Müasir dünyada rəqəmsal iqtisadiyyat”, “Blokçeyn texnologiyalar və rəqəmsal valyutalar”, “IV Sənaye İnqilabı”, “Sosial biznes və sosial sahibkarlığın iqtisadiyyata təsirləri”, “Azərbaycanda elektron ticarət və elektron ixracat perspektivləri”, “Yaşıl şəhərlər və yaşıl inkişaf perspektivləri”, “Akademik uğurun formulası” və digər mövzularda təşkil olunan seminarlar (workshop) UNEC-in rəsmi Facebook səhifəsi və YouTube kanalında canlı yayımlanaraq müzakirə edilib, geniş ictimaiyyətə təqdim olunub.
Konfransa göndərilmiş məruzələrdən seçilmiş tədqiqat işləri dünyanın 30-a yaxın nüfuzlu elmi platformasında indekslənən beynəlxalq elmi jurnalda nəşr olunacaq. Seçilmiş məruzələrin bəziləri isə kitab halında beynəlxalq nəşriyyatda dərc ediləcək və həmin kitabın elektron versiyası dünyanın nüfuzlu Harvard, Oksford, Yale, Stanford, Kolumbiya, Toronto, Çikaqo, Royal Danish Library, Duke universitetlərinin, British Library, Biblioteque Nationale de France kimi ali təhsil müəssisələrinin kitabxana kataloqlarında yer alacaq. Əlavə olaraq, konfransda təqdim olunmuş məruzələrin dünyanın nüfuzlu indeksli və yüksək impakt faktorlu xarici jurnallarında nəşr edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, konfransın açılışı iyunun 4-də Gəncə şəhərində olub.