"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi tərəfindən Gənclər və İdman Nazirliyinin, "Böyük Qayıdış" Gənclər Təşkilatının tərəfdaşlığı ilə təşkil olunan Qarabağ gənclərinin "De-Qayıdış" debat müsabiqəsinin final və bağlanış mərasimi keçirilib.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin üzvləri- Tural Gəncəliyev, Vüqar Bayramov, Şahin Seyidzadə, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, "Böyük Qayıdış" Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov "Vətəndaş Cəmiyyətində Debat" (DVC) İctimai Birliyinin sədri Ülviyyə Axundova və Qarabağ gəncləri iştirak ediblər.
Debat müsabiqəsinin finalında Ağdərə və Füzuli rayonlarını təmsil edən "052" komandası (Hafiz Rəhimov, İlhan Əsgərov) ilə Laçın və Füzuli rayonunu təmsil edən "Xarı Bülbül" komandası (Günel Şirinli, Nurənə Qasımova) qarşılaşıb. Final oyununun hakimlərinin verdiyi nəticəyə əsasən, "052" komandası debat müsabiqəsinin qalibi olub.
Tədbirdə DVC sədri Ülviyyə Axundova “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin aktuallıq və əhəmiyyət kəsb edən, gənclərin şəxsi inkişafına yönələn mövzularda həyata keçirilən layihələri, xüsusən də “De-Qayıdış” debat müsabiqəsinin fəaliyyəti, iştirakçıların məhz Qarabağın müxtəlif bölgələrindən olması, ilk dəfə iştirak etdikləri debatlardakı uğurlu çıxışları barədə məlumat verib.
Tədbirdə iştirak edən rəsmi qonaqlar Qarabağa qayıdış prosesinin sürətlə davam etdiyi zamanda həyata keçirilən bu layihənin əhəmiyyətini, debat və natiqliyin gənclərin həyatındakı rolunun vacibliyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.
Müsabiqədə 10 ən yaxşı natiq də seçilib.
Qeyd edək ki, fevral-may aylarını əhatə edən "De-Qayıdış" debat müsabiqəsində Ağdam, Cəbrayıl, Füzuli, Şuşa, Ağdərə, Xankəndi, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarından olan 100-dən çox gənc "Qarabağa qayıdış prosesində əsas rolu oynayır: dövlət yoxsa, cəmiyyət?” mövzusunda debatlar aparıblar.
Müsabiqə çərçivəsində 100-dən çox gənc üçün 25-dən artıq debat və natiqlik təlimləri, mövzu və ekspert görüşləri, 46 debat oyunu keçirilib.
Müsabiqənin məqsədi Prezident İlham Əliyevin “Böyük Qayıdış başlayır” ifadəsinin gənclər tərəfindən dəstəklənməsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq və yerli platformalarda gənclərin təmsil olunması üçün Qarabağ gəncləri arasında natiqlik mədəniyyətini inkişaf etdirmək, onların qərar vermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir.