Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun “Cəmiyyət, şəxsiyyət, təhsil, din” kitabının təqdimatı keçirilib.

 

Onlayn formatda təşkil olunan tədbirə millət vəkili Ceyhun Məmmədov, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr qatılıblar.

 

Rektor M.Babanlı  qeyd edib ki, kitabda Azərbaycanın dövlətçilik ənənələri, yeni dövr Azərbaycan tarixi, dövrün görkəmli şəxsiyyətlərinin fəaliyyətinə geniş yer verilib. Bu nəfis nəşrdə, həmçinin dini təhsilin tarixindən, xalqımıza qarşı yönəlmiş erməni vəhşiliklərindən və Azərbaycan Ordusunun qazandığı uğurlardan bəhs edildiyini deyən rektor  kitabın dəyərli vəsait olduğunu bildirib.  

 

Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova, Humanitar fənlər kafedrasının dosenti Faiq Əliyev çıxış edərək Azİİ e-Kitab Evinin sisteminə daxil olmuş yeni kitabın oxucular üçün dəyərli vəsait olduğunu, eyni zamanda bu nəfis kitabın müəllimlər, tələbələr və geniş auditoriya üçün nəzərdə tutulduğunu diqqətə çatdırıblar.

 

Sonda millət vəkili C. Məmmədov qeyd edib ki, kitabda toxunulan hər bir mövzu ciddi araşdırmalar və təhlillər əsasında qələmə alınıb:” Ümid edirəm ki, bu, oxucularımız üçün çox faydalı bir vəsait olacaq”.