Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Aqroservis mütəxəssisi” və “Üzümçülük və şərabçılıq” ixtisasları üzrə təhsil alan tələbələri üçün “Dualabənzər PTT” layihəsi çərçivəsində iş yerində praktik imtahanlar təşkil olunub.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, 15 fevral tarixindən başlayaraq tələbələr “iş yerində öyrənmə” təliminə, 29 mart tarixindən isə istehsalat təcrübəsinə başlayıblar. İstehsalat təcrübələri “Gilan-Qəbələ Aqroservis” ASC və “Aspi Aqro” MMC-də təşkil edilib.
Təcrübə proqramının yekunu olaraq 2-3 iyun tarixlərində “Aqroservis mütəxəssisi”, 3 iyun tarixində isə “Üzümçülük və şərabçılıq” ixtisasları üzrə iş yerində praktik imtahanlar təşkil olunub. Praktik imtahanlar tərəfdaş müəssisələrin tarlasında keçirilib və imtahan zamanı tələbələr texnikanın işə sazlanması, tarlanın səpinə hazırlanması, eyni zamanda digər müvafiq tapşırıqları yerinə yetiriblər.
Qeyd edək ki, tələbələrin bacarıqlarının qiymətləndirilməsi zamanı müəssisənin baş mütəxəssisləri də yaxından iştirak ediblər.